RU

Etibarlı və məsuliyyətli tərəfdaşlar

"Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. Bu siyasətin nəticəsində qonşu ölkələrlə münasibətlərimiz arzuolunan səviyyədədir. O cümlədən Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir". 

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. O bildirib ki, Azərbaycanla Gürcüstanı təkcə siyasi-iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan və Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olduğunu vurğulayan deputat deyib ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var: "İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin göstəricisidir. Səfər çərçivəsində ölkə rəhbərləri ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib. Eyni zamanda əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, "yaşıl enerji", nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu da vurğulanıb".

P.Kərimzadə səfər zamanı Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təkbətək və geniştərkibli görüş keçirdiyini xatırladıb. Mətbuata bəyanat zamanı gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və hazırda bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da inamla inkişaf edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev, həmçinin Cənubi Qafqazda tamamilə yeni vəziyyətin yaranmaqda olduğunu və regionun artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrildiyini diqqətə çatdırıb. 

Deputat qeyd edib ki, Azərbaycanın və Gürcüstanın tarixi İpək yolu üzərində yerləşməsi və ölkəmiz tərəfindən irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb: "Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Həm Azərbaycan nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkələrimiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir". 

P.Kərimzadə Gürcüstanın Baş nazirinin də Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimizin daşımalarda mühüm rol oynadığını vurğuladığını xatırladıb. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq. "Bütövlükdə, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Eyni zamanda xalqlarımız arasında mədəni və humanitar sahələrdə əlaqələrin davam etməsi də ümumi maraqlarımıza uyğundur. Bütün bunlar ölkə və xalqlarımız arasında əlaqələri davamlı olaraq gücləndirir", - deyə deputat deyib.

Əsmər QABİLQIZI,

"Azərbaycan"

Избранный
2
6
azerbaijan-news.az

7Источники