RU

İlon Maskdan "OpenAI" və "Microsoft"a qarşı 134 milyard dollarlıq iddia

İlon Mask "OpenAI" və onun investoru "Microsoft"a qarşı böyük bir məhkəmə iddiası qaldırıb. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Mask şirkətlərin "OpenAI"ə qeyri-kommersiya təşkilatından kommersiya korporasiyasına çevirməklə onu aldatdığını iddia edir. O, ən azı 134 milyard dollar təzminat tələb edir.

Maskın tələbləri bununla da məhdudlaşmır. Məhkəmə sənədlərinə əsasən o, "OpenAI"ın baş icraçı direktoru Sem Altman və şirkətin prezidenti Qreq Brokmanın vəzifələrindən uzaqlaşdırılmasını tələb edir.

Bundan əlavə, həmin iki rəhbərin “OpenAI”ın kommersiya fəaliyyətlərindən əldə etdiyi səhmlərin və bütün şəxsi gəlirlərinin təşkilatın xeyriyyəçi strukturuna yönləndirilməsi də tələb olunur.

İlon Mask 2015-ci ildə “OpenAI”ın yaradılmasında iştirak edən əsas şəxslərdən biri olub. Şirkət ilkin mərhələdə qeyri-kommersiya tədqiqat laboratoriyası kimi fəaliyyət göstərirdi və Mask həm də ilk böyük investorlar sırasında idi.

Lakin zamanla Mask ilə “OpenAI” rəhbərliyi arasında fikir ayrılıqları yaranıb. Musk şirkətdən ayrılıb və 2023-cü ildə “OpenAI”a rəqib olaraq “xAI” şirkətini təsis edib. O, hətta 2025-ci ilin fevralında “OpenAI”ı 97,4 milyard dollara almaq üçün təklif də irəli sürüb.

Maskın əsas tənqidlərindən biri şirkətin hüquqi strukturunun dəyişməsidir. 

“OpenAI” 2019-cu ildə qeyri-kommersiya modelindən “məhdud mənfəət” modelinə keçib. Ötən il isə tam şəkildə kommersiya yönümlü public benefit corporation (ictimai fayda korporasiyası) formasına çevrilib.

Şirkət hazırda ilin son rübündə birjaya çıxmaq (IPO) planı üzərində işləyir. Diqqətçəkən məqam isə odur ki, Muskın “xAI” şirkəti də “SpaceX” ilə birləşərək eyni dövrdə bazara çıxmağı hədəfləyir.

Mask iddia edir ki, “OpenAI”ın başlanğıc mərhələdəki fəaliyyəti barədə ona yanlış təsəvvür yaradılıb. Onun sözlərinə görə, şirkət əslində əvvəlcədən kommersiya məqsədi daşıyan bir plan əsasında qurulub, lakin bu, ona qeyri-kommersiya layihəsi kimi təqdim edilib.

Məhkəmə sənədlərində qeyd olunur ki, şirkət rəhbərliyi vergi güzəştləri, ianələr və ictimai fayda imicindən yararlanıb. Musk isə bu prosesdə aldadıldığını iddia edir.

Mask məhkəmədən “OpenAI”ın kommersiya modelinə keçidinin ləğv edilməsini istəyir. O, həmçinin bu keçid nəticəsində əldə edilən bütün maliyyə qazancın yenidən qeyri-kommersiya strukturuna qaytarılmasını tələb edir. “OpenAI” isə irəli sürülən ittihamları rədd edir.

Bununla belə, yeni ortaya çıxan bəzi məlumatlar Muskın iddialarını zəiflədə bilər.

“The New Yorker”in araşdırmasına görə, Mask 2017-ci ildə “OpenAI”ın kommersiya modelinə keçidi ilə bağlı müzakirələrdə iştirak edib və hətta bu yeni strukturda nəzarətçi pay tələb etdiyi iddia olunur.

Tərəflər arasında hüquqi mübarizə artıq uzun müddətdir davam edir və işin bu ay məhkəməyə çıxarılması gözlənilir.

Məhkəmə öncəsi gərginlik də artır. “OpenAI” yaxın vaxtlarda Delavar və Kaliforniya baş prokurorluqlarına məktub göndərərək Mask və rəqib şirkət “Meta”nın rəqabətə zidd fəaliyyətlərinin araşdırılmasını xahiş edib.

Избранный
46
3
olke.az

4Источники