RU

Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının diplomatiya inciləri”ndən növbəti kitab təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu bir-birinin ardınca möhtəşəm layihələr icra edir. Bunlardan növbəti biri də "Türk dünyasının diplomatiya inciləri” kitab seriyasıdır.

 

Aprelin 7-də təşkilatın mənzil-qərargahında bu seriyadan növbəti kitab -Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin müəllifi olduğu “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın təqdimatı keçirildi.

Tədbirdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai-siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilat rəhbərləri iştirak edirdilər.

Tədbirin aparıcısı - Fondun əməkdaşı, şair Fərid Hüseyn qeyd etdi ki, kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə oynadıqları mühüm rol geniş tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ilk çıxışçı olaraq bildirdi ki, Fond yalnız Türk dünyasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan türk xalqlarının mədəni irsinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir.

Bildirdi ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyevin qələmə aldığı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən bu kitab Fondun Litva və Polşa ilə mədəni əlaqələrinin gücləndirilməsi, eləcə də həmin ölkələrdə yaşayan türk xalqlarının tarixi irsinin təbliği istiqamətində atılan ardıcıl və məntiqi addımların davamıdır.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu son iki il ərzində beş yeni kitab seriyası təsis edib. "Türk dünyasının diplomatiya inciləri" seriyasından çap olunan ilk iki kitab tarix elmləri doktoru Həsən Həsənovun "Macar–Azərbaycan ortaq etnik kökləri" və Vilayət Quliyevin "Polşa–Litva tatarları Azərbaycanda" əsərləridir. 

Aktotı Raimkulova söylədi ki, "Fond olaraq biz diplomatik irsimizin qorunmasına və təbliğinə xüsusi önəm veririk. Çünki diplomatik münasibətlərin inkişafı eyni zamanda mədəni əlaqələrin güclənməsinə də mühüm töhfə verir”.

Tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov qeyd etdi ki, Azərbaycan elmi və ədəbi irsində, xüsusilə filologiya və tarix sahələrinə aid əsərlər xüsusi yer tutur. Onun sözlərinə görə, son illərdə görkəmli Azərbaycan şəxsiyyətlərinin fəaliyyəti və irsinin təhlilinə həsr olunmuş silsilə əsərlər meydana çıxıb.

Həsən Həsənov bildirdi ki, "Polşa-Litva tatarları Azərbaycanda” adlı kitab Polşa ilə Azərbaycanın mədəni və elmi əlaqələrinə, eyni zamanda Azərbaycana ürəkdən bağlı olan şəxslərin fəaliyyətinə həsr olunub. Bu, mühüm bir təşəbbüsdür, çünki tarixi əlaqələr və xalqlar arasında mövcud olan dostluq daha dərindən araşdırılmalı və təqdim edilməlidir.

Npvbəti çıxışçı – kitabın redaktoru olan Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, bu əsər Azərbaycan ilə Polşa-Litva tatarları arasında tarixi-mədəni bağların elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kitab bu əlaqələrin daha dərindən öyrənilməsinə və yeni elmi yanaşmaların formalaşmasına geniş imkanlar yaradır.

ƏməkdarelmxadimiprofessorSolmazRüstəmova-Tohidiümumtürk dünyasına töhfə olan əsərlərin məziyyətlərindən, bu yolda zəhmət şəkən insanların cəfakeşliyindən danışdı. 

Xalq şairi Sabir Rüstəmxanlı və Milli Məclisin deputatı Hikmət Babaoğlu əsərin tarixi yaddaşın qorunması, Azərbaycan–Polşa–Litva mədəni əlaqələrinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladılar. Onların sözlərinə görə, Polşa–Litva tatarlarının Azərbaycanla bağlı tarixi əlaqələrinin elmi əsaslarla araşdırılması həm akademik mühit, həm də geniş ictimaiyyət üçün xüsusi dəyər kəsb edir və gələcək tədqiqatlara geniş imkanlar açır.

Tədbir bədii hissə ilə davam etdi. Həzin kaman musiqisi səsləndi. Musiqiçi bu çalğı alətiylə həm polyak həm də Azərbaycan musiqisi ifa etdi.

Sonda kitabın müəllifi Vilayət Quliyev özünün Polşa sevgisinin köklərindən danışdı, bildirdi ki, əsərin yazılmasında əsas məqsəd Polşa-Litva tatarlarının Azərbaycan tarixi ilə bağlı izlərini sistemli şəkildə araşdırmaq, bu əlaqələrin müxtəlif dövrlərdə necə formalaşdığını elmi mənbələr və arxiv materialları əsasında üzə çıxarmaqdır. Və tövsiyyə etdi ki, bütün azərbaycanlı səfirlər xidmət keçdikləri ölkələr barədə kitab yazmalıdırlar ki, Azərbaycandakı xarici ölkə səfirləri də Azərbaycan barədə yazsınlar.


Nigar Xanəliyeva, 

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

Избранный
1
3
news365.az

4Источники