RU

Kişilər də zorakılığa məruz qalır, amma susmağa məcburdurlar Sosioloq

ain.az bildirir, Sherg.az portalına istinadən.

"Güclü kişi stereotipi təhlükə yaradır, ona görə zorakılıq gizlədilir”

Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən açıqlanan məlumatlara görə, 2026-cı ilin ilk üç ayında bu istiqamətdə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Statistik göstəricilər zorakılığın müxtəlif formalarının hələ də aktual problem olaraq qaldığını və cəmiyyət daxilində bu hallarla bağlı müraciət mexanizmlərinin daha aktiv istifadə edildiyini ortaya qoyur.

Qeyd edək ki, 2026-cı ilin ilk üç ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub.

Komitədən verilən məlumatda bildirilib ki, 2025-ci ilin ilk 3 ayında isə bu say 117 olub: "Cari ilin ilk 3 ayında müraciət edən 134 nəfərdən 23-ü kişi, 106-ı qadın və 5-i uşaq olub. Müraciət edən kişilər adətən övladları ilə bağlı, övladlarının anaları və ya keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı, həmçinin əksər hallarda psixi zorakılıq, bəzi hallarda iqtisadi zorakılıqla bağlı müraciət ediblər. Bu müddət ərzində kişilərin heç biri fiziki zorakılıqla bağlı müraciət etməyiblər".

Mövcud statistika zorakılığın yalnız qadınlarla məhdudlaşmadığını, kişilərin də bu problemdən əziyyət çəkdiyini göstərir və cəmiyyətin bütün üzvləri üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyini ortaya qoyur. Halbuki əvvəllər belə hallar ya çox nadir idi, olsa da ictimaiyyətə açıqlanmırdı.

Sosioloq Lalə Mehralı Sherg.az-a bildirib ki, zorakılığa məruz qalan kişilər stereotiplərə görə bu mövzuda açıq danışa bilmirlər. Onun sözlərinə görə, cəmiyyətdə kişilərin güclü, qoruyucu və həmişə lider olmalı olduğu düşüncəsi formalaşıb ki, bu səbəbdən kişilər hər hansı bir zorakılığa məruz qaldıqda, zəif və qorxaq hesab edilirlər:

 “Zorakılıq halları qadınlar tərəfindən kişilərə qarşı baş verdikdə, cəmiyyətin kişilərə göstərdiyi reaksiya da çox zaman mənfi olur. Kişilər ailə içində və ya münasibətlərində fiziki və ya psixoloji zorakılığa məruz qalanda bunu gizlədirlər. Kişilər də öz həyat yoldaşlarından, ailə üzvlərindən və ya tanımadıqları şəxslərdən fiziki zorakılıq görə bilərlər. Buna döyülmə, vurulma və şiddət hallarını nümunə göstərə bilərik. Fiziki zorakılıq çox zaman cəmiyyət tərəfindən görməzlikdən gəlinir. Kişilərin üzləşdiyi psixoloji zorakılıq halları təhqirlər, alçaltmalar və manipulyasiya şəklində olur. Ailədaxili münasibətlərdə, partnyorlar arasında və ya iş yerlərində kişilər təhqir edilə bilər. Bu, onların özgüvənini zəiflədir və onlara emosional zərbə vurur. Cəmiyyətin müəyyən etdiyi "güclü kişi" obrazı kişilər üzərində böyük sosial təzyiq yaradır. Sosial təzyiq kişilərin və ya cəmiyyətin həmin mövzuya həssas yanaşmamasına gətirib çıxarır. Kişilər həmçinin cinsi zorakılığa məruz qala bilərlər. Cinsi zorakılıq kişilər üçün ən az diqqət çəkən, amma çox zaman gizlədilən bir məsələdir".

L. Mehralı qeyd edib ki, kişilərin gender əsaslı zorakılığa məruz qalması probleminə daha ciddi yanaşılmalı, bu mövzu cəmiyyət tərəfindən daha çox diqqətə alınmalıdır:

"Kişilər üçün psixoloji dəstək mərkəzlərinin yaradılması və zorakılıq halları barədə ictimai maarifləndirmə tədbirlərinin artırılması bu problemi həll etməyə kömək edə bilər.Bundan əlavə, kişilərin zorakılığa məruz qaldıqlarını etiraf etmələri üçün güvənli və dəstəkverici mühitin olması vacibdir. Kişilər zorakılığa məruz qaldıqda onlara dəstək verən psixoloji və hüquqi qurumlarla əlaqə qurmaq imkanına sahib olmalıdırlar. Zorakılıq hər kəsin, hər genderin mübarizə aparması lazım olan bir problemdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
sherg.az

1Источники