Vyana İran ətrafındakı vəziyyət fonunda beynəlxalq danışıqlar üçün platforma kimi çıxış etməyə hazırdır.
"Far.Az" xəbər verir ki, bunu Avstriyanın təhsil naziri Kristof Viderker Yaxın Şərqdəki münaqişə fonunda hökumətin tədbirlərini şərh edərkən bildirib.
Avstriya hökuməti aprelin 8-i Yaxın Şərqdəki münaqişə fonunda vəziyyətin monitorinqi və mümkün cavab tədbirlərinin hazırlanması üçün koordinasiya qərargahı yaradıb. İclaslar həftədə azı bir dəfə keçiriləcək.
"Atəşkəs fasilədir, davamlı sülh deyil. İrandakı müharibə Avropa və ya Avstriyanın müharibəsi deyil, lakin onun nəticələri bizə birbaşa təsir edir, buna görə də biz operativ şəkildə tədbirlər görməyə hazır olmalıyıq. Bundan əlavə, Avstriya diplomatik yolla da öz töhfəsini verə bilər: Vyana danışıqlar üçün məkan kimi çıxış etməyə hazırdır", - Viderker bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.