Alimlər Şərqi Asiya insanlarında genetik fərqləri araşdırıblar və xəstəliklərlə bağlı 28 min 978 yeni genetik işarə tapıblar. Bu işarələr DNT-yə kiçik kimyəvi işarələr qoyulması ilə bağlıdır və bədənin normal işləməsinə kömək edir.
“MedicalXpress” portal xəbər verir ki, əvvəllər belə tədqiqatlar əsasən Avropa insanlarına yönəlmişdi. Yeni araşdırmada Tayvan Biobankından 7619 çinli iştirakçının məlumatları istifadə olunub və nəticələr 27 min 750 nəfərlik Avropa məlumatları ilə müqayisə edilib.
Tədqiqat göstərir ki, bəzi bioloji siqnallar bütün insanlarda oxşardır, amma Şərqi Asiyaya xas olan siqnallar yalnız orada görünür. Bu da göstərir ki, genetik araşdırmalarda yerli məlumatdan istifadə etmək daha doğru nəticələr verir.
Alimlər, həmçinin bu genetik işarələrin ürək xəstəlikləri və 2-ci tip diabet kimi xəstəliklərlə bağlı olduğunu göstəriblər. Professor Yen-Çen Anne Feng deyib ki, insanlarda fərqliliklər olsa da, bütün populyasiyaları nəzərə alan tədqiqatlar xəstəlik riskini daha yaxşı göstərir və hər kəs üçün faydalıdır.
Araşdırma Şərqi Asiya insanlarının sağlamlığı və xəstəliklərlə bağlı gələcək tədqiqatlar üçün yeni bir mənbə yaradır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”