RU

Kürdə suyun səviyyəsi kəskin artdı Rayonları daşqın gözləyir?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər Kür çayında su səviyyəsinin 80 sm artması ictimaiyyətdə narahatlıq doğurub. Bildirilir ki, xüsusilə yaz aylarında yağıntıların çoxalması və qarın əriməsi çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu isə Kürətrafı rayonlarda daşqın riskini yenidən gündəmə gətirib.

Kürdə suyun səviyyəsinin artması daşqın riski yaradırmı?

Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, ölkədə müşahidə olunan atmosfer prosesləri – yağıntıların artması, bəzi ərazilərdə yağış və dolu şəklində düşməsi təbii olaraq çaylarda su səviyyəsinin yüksəlməsinə səbəb olur:

“Artım təkcə çaylarda deyil, suvarma kanallarında və digər su hövzələrində də müşahidə olunur. Bu, normaldır və mövsümi xarakter daşıyır. Yazda temperaturun yüksəlməsi nəticəsində dağlarda qarların əriməsi və yağıntıların çoxalması çaylarda suyun səviyyəsinin artmasına gətirib çıxarır. Ölkəmizdə daşqınlarla bağlı ciddi problem olduğunu düşünmürəm. Çünki çaylarımız ümumilikdə azsuludur və cari il də çox yağıntılı keçməyib. Bundan əlavə, düşünürəm ki, su təsərrüfatı ilə məşğul olan aidiyyəti dövlət qurumları lazımi tədbirlər görürlər. Mövcud bəndlər və dambalar daim nəzarətdə saxlanılır, onların baxımı həyata keçirilir, zəruri hallarda təmir-bərpa işləri aparılır”.

Ekoloqun sözlərinə görə, Azərbaycanın düzən ərazilərində baş verə biləcək daşqınların qarşısını almaq üçün kifayət qədər bəndlər mövcuddur və onlar suyun tənzimlənməsi funksiyasını yerinə yetirir:

“Bu bəndlər tam dolu deyil, yəni əlavə su tutma imkanları var. Araz çayı üzərində yerləşən Araz Naxçıvan, Qız Qalası və Xudafərin, eləcə də Kür çayı üzərində yerləşən Yenikənd, Şəmkir, Mingəçevir və Varvara su anbarları daşqın riski artdığı halda tənzimləyici rol oynayaraq əhalini və kənd təsərrüfatını ciddi zərərlərdən qorumağa qadirdir. Yəni bu məsələ ilə bağlı ölkə əhalisini ciddi təhlükələrin gözlədiyini düşünmürəm”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники