Tanınmış siyasi şərhçi Əziz Əlibəyli ABŞ-İran müharibəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Musavat.com həmin paylaşımı təqdim edir:
"Təsəvvür edin: 2024-cü ilin aprel gecəsi, İordaniya səmalarında F-16-lar ulduz kimi parıldayır, İran dronları isə yavaş-yavaş, amma qəsdən “qardaş” ölkələrin hava məkanından keçərək İsrailə doğru sürünür. Kral II Abdullah əmr verir: “Vurun! Heç kim bizim səmamızı toxuna bilməz!”
Şübhəsiz ki, bütün 2023-cü ildə baş verən hadisələr İrandan canavar düzəltməyə yönəlmişdi. Nəticəsi o idi ki, dollar ölkələri İbrahim Sazişlərinə qoşularaq, İran qorxusuna görə trilyonlarla dolları təhlükəsizliklərinin təminatı adı altında ABŞ-a verməli oldular.
Ərəb ölkələri əslində ABŞ və İsraili müttəfiq kimi çox istədiyindən seçməmişdi. Hələ, 1979-cu il İran İnqilabı ilə başlayan düşmənçilik, 1980-88 İran-İraq müharibəsində zirvəyə çatdı: Ərəb dövlətləri (Səudiyyə başda olmaqla) İraqa dəstək verdi, çünki Tehran əraf ölkələrə “İslam inqilabı”nı ixrac etmək istəyirdi. Daha sonra bizi proksi müharibələr müşayiət etdi – İranın “Müqavimət oxu” (Hizbullah, Husilər, İraq milisləri) ərəb monarxiyalarını daxildən didişdirdi.
Əziz Əlibəyli
2019-cu il sentyabrın 14-də səhər tezdən İran dronları (və ya İranın dəstəklədiyi Husilər) Səudiyyənin Aramco neft obyektlərinə zərbə vurdu. Abqaiq – dünyanın ən böyük neft emalı zavodu – alov dənizinə çevrildi. 5,7 milyon barel neft istehsalı itkisi baş verdi, qlobal neft qiymətləri 15% qalxdı. O dövrdə Səudiyyə rəsmiləri çıxıb ekranlarda qalıqları dünyaya göstərdi: dronlar İran istehsalı idi, hücum şimaldan (Yəməndən yox!) gəlmişdi. BMT və ABŞ da İranı günahlandırdı. Bu, hücum ərəb iqtisadiyyatına “bıçaq saplamaq” idi. Səudiyyə və BƏƏ artıq anlayırdı: İran onları “arxa həyət”i kimi görür, Husilər vasitəsilə Yəməndə müharibə aparır, Qırmızı dənizdə gəmiləri batırır, iqtisadiyyatlarını iflic edir.
Bax bu qorxudan sonra 2020-ci ildə Abraham Sazişləri doğuldu: BƏƏ, Bəhreyn, sonra Mərakeş və Sudan İsraillə sülh imzaladı. Rəsmi səbəb öz yerində, əsl səbəb İran təhdidi idi. BƏƏ rəhbərliyi bunu açıq-aşkar deyirdi: “İranın raketləri və proksiləri qarşısında ABŞ tək kifayət deyil, İsrailin də hərbi üstünlüyü lazımdır”. Səudiyyə də gizli-gizli İsraillə əməkdaşlıq edirdi. Kral Salman anlayırdı ki, İranın nüvə proqramı və ballistik raketləri Körfəz monarxiyalarını hədəf alır.
2024-cü ilin aprelində İsrailin Dəməşqdə yerləşən İran konsulluğunu hədəf almasına cavab olaraq Tehran “Həqiqi Vəd” adlı hərbi əməliyyat elan etdi. İran bu çərçivədə 170-dən çox pilotsuz uçuş aparatı, 30-dan artıq qanadlı raket və 120-dən çox ballistik raket buraxdı. Rəsmi Tehranın bunu “cavab zərbəsi” kimi təqdim etməsinə baxmayaraq, hadisələr ərəb ölkələrində fərqli reaksiya doğurdu.
İlk dəfə aprel hadisələri real meydanda İranın ərəb ölkələri üçün nə qədər böyük təhlükə olduğunu hiss etdirdi.
Hələ 2010-cu illərin ortalarından etibarən ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ İranın raket və dron potensialını əsas təhlükə kimi görərək ABŞ-la birgə hava və raket müdafiə sistemlərini gücləndirməyə başlamışdı.
Analitiklər bu gün qeyd edir ki, bu hadisələrdə iki paralel xətt kəsişir:
* Sünni–şiə geosiyasi rəqabəti
* Ərəb–fars strateji qarşıdurması
Göründüyü kimi, Yaxın Şərqdə növbəti bir pərdə endi.
Dumanlı Şimalın eynisi kimi Şərqəd də göz-gözü görmür. Fəqət, burda bombalardan səma yoxa çıxır, insanlar görünməz olurlar.
Yaxın Şərqin tale yazısında Neft, Qan, Din qədər mühüm bir komponent var: Onun adı Yoldur.
Min il əvvəllərdə, min il sonra da müasir fiziki coğrafiya qaldıqca Şərqin bu hissəsi əsas kommunikasiya ötürücüsü kimi rolunu daha da artıracaq.
Çünki Yaxın Şərq Şərqi Qərbə, Şimalı Cənuba – Aralıq dənizi ilə bağlamaqla yeni siyasi ehtiraslara geniş siyasi-coğrafi meydan açır.
İpək Yolu dövründə (e.ə. II əsr – e. XVI əsr) karvanlar Xorasandan, Bağdaddan, Dəməşqdən keçərək ipək, ədviyyat və məlumat daşıyırdı. Bu yol imperiyaları zənginləşdirdi, imperiyaları yıxdı. Osmanlılar bu yolu əlində saxlayırdı deyə, Avropa “Yeni Dünya”ya üz tutdu. Britaniya imperiyası Süveyş kanalını ələ keçirəndən sonra Hindistanı idarə etməyə başladı. Bu gün isə Çin “Bir Kəmər, Bir Yol” layihəsi ilə eyni coğrafiyanı yenidən canlandırmağa çalışır.
Müasir dövrdə isə paradoks daha da artır: Bombalar səmanı qaraldanda belə, Yol dayanmır. 2023-2024-cü illərdə Qırmızı dənizdəki gərginlik səbəbindən bəzi gəmilər Afrikanın ətrafından dolanmağa məcbur oldu – bu, dünya ticarətinə əlavə 10-14 gün və milyonlarla dollar xərcə səbəb oldu. Bir kiçik boğaz bağlananda bütün dünya onu elə boğazında da hiss edir.
Bir sözlə, Yaxın Şərqin əsl gücü nə neftdir, nə də din. Onun əsl gücü coğrafi mövqedir – Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən qapı olmaq.
Hər yeni müharibə, hər yeni pərdə bu qapını bağlamağa çalışır. Amma coğrafiya unutmur. O, sadəcə gözləyir. Çünki dağlar, dənizlər və boğazlar siyasətdən daha sərt, daha uzunömürlüdür.
Yol burada əbədidir. Qalan hər şey – keçicidir".
Musavat.com