RU

Abbasbəyli: Tarixi yaddaş qorunmalı, faciələr unudulmamalıdır

Azərbaycan tarixində baş vermiş faciələrin yadda saxlanılması və beynəlxalq səviyyədə tanıdılması cəmiyyətin və dövlətin önəmli vəzifələrindən biridir. Ağdam faciəsi də bu qəbildən olan hadisələrdən biridir və onun araşdırılması, sənədləşdirilməsi və təbliği digər tarixi faciələr kimi diqqət mərkəzində olmalıdır. Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında  bu istiqamətdə görüləcək işlərin əhəmiyyətini və konkret addımlarını diqqətə çatdırıb.

 

Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli bildirib ki, Ağdam faciəsi Azərbaycan tarixində baş vermiş digər faciələrlə eyni səviyyədə qiymətləndirilməli və bu istiqamətdə görülən işlər digər hadisələrdə olduğu kimi həyata keçirilməlidir.

 

O qeyd edib ki, Xocalı faciəsi, 31 mart soyqırımı, 20 Yanvar hadisələri və Qərbi Azərbaycanda baş verən proseslər kimi hadisələrin daha geniş şəkildə gündəmə gətirilməsi, müzakirə olunması və cəmiyyətə çatdırılması vacibdir. Onun sözlərinə görə, bu həm tarixi yaddaşın qorunması, həm beynəlxalq hüququn tətbiqi, həm də Azərbaycana qarşı irəli sürülən ittihamlara cavab verilməsi baxımından əhəmiyyət daşıyır.

 

Əhməd Abbasbəyli vurğulayıb ki, bu istiqamətdə ilk növbədə foto və video materiallar, arxiv sənədləri, kitablar və sənədli filmlər hazırlanmalı, şahid ifadələri yazılı və video formada qeydə alınmalıdır. Həmçinin həmin hadisələrin iştirakçılarının fikirləri toplanmalı və gələcək nəsillərə ötürülməlidir.

 

O əlavə edib ki, təhsil müəssisələrində bu cür hadisələrlə bağlı xüsusi dərslər və maarifləndirmə tədbirləri keçirilməli, bu proses formal xarakter daşımamalı, gənclərin yaddaşında qalacaq şəkildə təşkil olunmalıdır. Onun fikrincə, tarix boyu baş verən faciələrin təkrarlanmasının əsas səbəblərindən biri unutqanlıqdır.

 

Abbasbəyli bildirib ki, məqsəd düşmənçilik yaratmaq deyil, baş verənləri unutmamaq və kimlərin hansı hərəkətləri etdiyini bilməkdir. Eyni zamanda, beynəlxalq səviyyədə tanınma istiqamətində işlər aparılmalı, diaspor və beynəlxalq təşkilatların imkanlarından istifadə olunmalıdır.

 

O qeyd edib ki, məlumatlar yalnız kağız daşıyıcılarda deyil, rəqəmsal platformalarda da yerləşdirilməli, müxtəlif dillərə tərcümə edilərək geniş auditoriyaya çatdırılmalıdır. Rəqəmsal platformaların üstünlüyünün onların daimi və əlçatan olması ilə bağlı olduğunu vurğulayıb.

 

Əhməd Abbasbəyli QHT-lərin roluna da toxunaraq bildirib ki, onlar dövlət qurumları ilə birgə fəaliyyət göstərməli, araşdırmalar aparmalı, sənədləri toplamalı və arxivləşdirməlidir. Sosial şəbəkələrdə bu mövzuların müzakirəsinin təşkili və yayılması da QHT-lərin üzərinə düşən əsas vəzifələrdəndir.

 

O əlavə edib ki, QHT-lər beynəlxalq əlaqələrini qoruyub saxlamalı və inkişaf etdirməli, müxtəlif platformalarda bu məsələləri gündəmə gətirməlidirlər. Xarici səfirliklərə, parlamentlərə və beynəlxalq təşkilatlara məlumatların çatdırılması istiqamətində fəaliyyət gücləndirilməlidir.

 

Abbasbəyli qeyd edib ki, ictimai tədbirlər, anım günləri və sərgilər vasitəsilə xüsusilə gənclərin bu prosesə cəlb olunması vacibdir. Bununla yanaşı, QHT-lər dövlət qurumlarının rəsmi hesabatları ilə paralel olaraq alternativ hesabatlar hazırlamalı və beynəlxalq səviyyədə təqdim etməlidirlər.

 

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda ictimai sektorun mövqeyinə xüsusi əhəmiyyət verilir və bu baxımdan QHT-lərin təqdim etdiyi alternativ hesabatlar daha obyektiv məlumatların çatdırılmasına töhfə verə bilər.

Zəhra Ağayeva

Избранный
35
qht.az

1Источники