RU

Referans Medical Group-un Müşahidə Şurasının sədri AHTTSA sədri Ruslan Quliyev lə görüşdü

Referans Medical Group-un baş ofisində şirkətin Müşahidə Şurasının sədri cənab Hansıyar Babayev ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ruslan Quliyev arasında işgüzar görüş keçirilib.

Görüş çərçivəsində səhiyyə və sağlamlıq turizmi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək perspektivlərin dəyərləndirilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəflər arasında ilk növbədə birgə fəaliyyət planının hazırlanması, sağlamlıq turizmi sahəsində əlaqəli təşəbbüslərin koordinasiyalı şəkildə həyata keçirilməsi və bu istiqamətdə institusional əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüşdə, həmçinin, Azərbaycanın sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən AzHealth rəqəmsal sağlamlıq turizmi platforması üzərində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, bu platforma ölkənin tibb müəssisələrinin, sağlamlıq xidmətlərinin və turizm imkanlarının vahid rəqəmsal müstəvidə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq pasiyentlər üçün daha əlçatan, şəffaf və etibarlı informasiya mühiti yarada bilər.

Bununla yanaşı, görüşdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə müəssisələrində səyyar check-up müayinələrinin təşkili məsələsi də müzakirə olunub. Bildirilib ki, belə təşəbbüslər həm yerli, həm də xarici qonaqlara ilkin tibbi yoxlamaların operativ və rahat formada təqdim edilməsi baxımından innovativ yanaşma olmaqla yanaşı, sağlamlıq turizmi məhsullarının çeşidinin genişləndirilməsinə də töhfə verə bilər.

Tərəflər, eyni zamanda, beynəlxalq platformalarda Azərbaycan sağlamlıq turizminin vahid brend kimi inkişaf etdirilməsi, ölkənin bu sahədə rəqabət üstünlüklərinin daha sistemli şəkildə təşviq olunması, koordinasiyalı marketinq yanaşmalarının formalaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın gələcəkdə daha konkret layihələr və praktik təşəbbüslər əsasında davam etdirilməsinin vacibliyi vurğulanıb, sağlamlıq turizmi sektorunun inkişafı naminə dövlət-özəl sektor və ictimai təşəbbüslər arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Избранный
16
1
veteninfo.az

2Источники