Milli Məclisdə Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.
Bu dəyişikliklərin məqsədi iş yerlərində maaş bərabərsizliyinin qarşısını almaq və qadınlarla kişilər arasında real əməkhaqqı bərabərliyini təmin etməkdir
Day.Az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov dəyişikliklərdən sonra işəgötürənlərin maaş bərabərliyini necə təmin edəcəyi və mövcud problemləri aradan qaldıracağı ilə bağlı fikirlərini səsləndirib.
İqtisadçı bildirib ki, belə bir qanunun qəbul edilməsi və ya dəyişdirilməsi gender bərabərliyi baxımından müsbət haldır.
"Məsələyə praktik tərəfdən baxaq, hansı vəzifələrdə qeyd olunub ki, eyni işi qadın görəndə 5 manat, kişi görəndə isə 10 manat əmək haqqı verilir? Belə bir situasiya varmı? Bütün dövlət qurumlarında - istər mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, istərsə də mühəndis vəzifələrində - əmək haqları eynidir. Eyni vəziyyət özəl sektorda da müşahidə olunur. Yəni gender faktoruna görə əmək haqqı fərqləri praktik olaraq yox səviyyəsindədir. Bəlkə də ayrı-ayrı fərdi halları qeyd etmək olar, lakin bunlar daha çox funksionallıqla bağlıdır. Məsələn, işin xüsusiyyətinə, vaxtına və ya məsuliyyət səviyyəsinə görə fərqlər yarana bilər. Bəzi hallarda müəyyən işləri qadınlar daha çox, bəzilərini isə kişilər daha çox icra edə bilər. Bu isə əmək bölgüsü və bacarıqlarla bağlıdır, gender ayrı-seçkiliyi ilə deyil", - o bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə əmək haqqı ilə bağlı ayrıca gender əsaslı fərqləndirmə meyarı mövcud deyil. Azərbaycanda əmək haqları vahid tarif cədvəli əsasında müəyyən edilir və bu cədvəl 19 pillədən ibarətdir. Burada qadın və kişi arasında hər hansı fərq nəzərdə tutulmur.
"Belə qanunvericilik dəyişikliklərinin edilməsi, məsələyə həssas yanaşılması əlbəttə ki, vacib və müsbət haldır. Lakin bunu sanki geniş yayılmış və ciddi problem kimi təqdim etmək doğru olmaz. Çünki mövcud qanunvericiliyə əsasən eyni vəzifəni, eyni funksiyanı və eyni şəraitdə yerinə yetirən qadın və kişinin fərqli əmək haqqı alması qadağandır.
Hazırda əmək haqqı fərqləri əsasən vəzifə bölgüsü ilə bağlıdır. Məsələn, qadınlar daha çox mühasibat, inzibati və HR sahələrində çalışır, kişilər isə texniki sahələrdə və rəhbər vəzifələrdə daha çox təmsil olunurlar. Bu da ümumi əmək haqqı fərqlərinin yaranmasına təsir edir.
Nəticə etibarilə, Azərbaycanda sistemli şəkildə eyni işə görə qadınlara az, kişilərə çox maaş verilməsi kimi bir model mövcud deyil. Belə hallar çox nadir və istisna xarakteri daşıyır",- deyə o bildirib.
Nəsimi Ələsgərli