RU

Paşinyanın “Azərbaycanla müharibə riski var” açıqlamasının PƏRDƏARXASI: Nə baş verir?

Ermənistanda parlament seçkiləri öncəsi artan siyasi gərginlik fonunda Baş nazir Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə Azərbaycanla müharibə riski arta bilər” bəyanatı regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə, onun əsas rəqiblərindən biri olan Robert Köçəryan və digər müxalif qüvvələrin fərqli geosiyasi kursu fonunda bu açıqlama həm daxili siyasi mübarizənin, həm də regional risklərin bir hissəsi kimi qiymətləndirilir.

Bəs Paşinyanın bu xəbərdarlığı nə dərəcədə real təhlükəyə əsaslanır və yaxın aylarda regionda hərbi eskalasiya ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyevin sözlərinə görə, artıq Ermənistanda seçki prosesi rəsmi şəkildə start götürüb.

Rusiya

“Həm hakimiyyət, həm də müxalifət bir-birinə qarşı ağır ittihamlar səsləndirir və bu ittihamlar bəzən təhqir səviyyəsinə qədər yüksəlir. Paşinyanın əsas rəqibləri olan Köçəryan, eləcə də Serj Sarkisyan və digər müxalif fiqurlar açıq şəkildə Rusiya ilə münasibətlərin əvvəlki səviyyədə bərpasını dəstəklədiklərini bildirirlər. Bu yanaşma Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə – “forpost” modelinə qayıtması demək ola bilər. Bu isə öz növbəsində regionda köhnə siyasi və hərbi ritorikanın yenidən güclənməsi riskini artırır”.

Bununla belə, Taleh Əliyev Paşinyanın müharibə ilə bağlı xəbərdarlıqlarının müəyyən qədər siyasi kontekstdə qiymətləndirilməli olduğunu düşünür.

“Seçkiöncəsi dövrdə bu cür bəyanatlar daha çox elektorata təsir göstərmək məqsədi daşıyır.

Mövcud rəy sorğuları Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalının yüksək olduğunu göstərir. Bu səbəbdən seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında iri miqyaslı hərbi qarşıdurmanın baş verməsi ehtimalı aşağı qiymətləndirilir.
Seçkiyə qədər müəyyən təxribatların mümkünlüyünü istisna edilmir. Ermənistan daxilindəki bəzi qüvvələr tərəfindən atəşkəsin pozulmasına yönəlik addımlar atıla bilər. Lakin hər iki tərəfin təmkinli davranacağı təqdirdə bu cür risklərin qarşısının alınması mümkündür”.

Nəticə etibarilə, ekspert yaxın aylarda regionda genişmiqyaslı hərbi əməliyyatların başlanacağını real hesab etmir, lakin lokal gərginlik və təxribat ehtimalının müəyyən qədər qalmaqda davam etdiyini qeyd edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
17
konkret.az

1Источники