“Son illərdə estetik əməliyyatlarda əsas məqsəd diqqət çəkmək deyil, təbii görünüşü qorumaqdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı bildirib.
Həkim qeyd edib ki,Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası daxilində həm cərrahi, həm də qeyri-cərrahi estetik prosedurlar həyata keçiriləcək və bu seçim pasiyentin ehtiyacına uyğun müəyyən ediləcək:
“Minimal invaziv və qeyri-invaziv prosedurlar: botoks, dolğu və askı sistemləri kimi müdaxilələr də tətbiq olunur. Bu üsullar cərrahi əməliyyat istəməyən pasiyentlər üçün nəzərdə tutulur və plastik cərrahiyyənin bir hissəsidir. Ölkədə ən çox müraciət edilən estetik əməliyyat rinoplastikadır. Burun əməliyyatları birinci yerdədir.
Ondan sonra süd vəzi əməliyyatları, böyütmə və ya onkoloji səbəblərlə çıxarıldıqdan sonra bərpa əməliyyatları gəlir. Daha sonra bədən şəkilləndirmə əməliyyatları yer alır. Xüsusilə doğuşdan sonra qadınlarda qarın nahiyəsində yaranan dəyişikliklər bu əməliyyatlara ehtiyacı artırır. Üz gərmə əməliyyatları da geniş yayılıb”.
Həkim əlavə edib ki, rekonstruktiv cərrahiyyədə isə əsas müraciətlər əl və yanıq cərrahiyyəsi ilə bağlıdır:
“Anadangəlmə qüsurlar və travma sonrası problemlər də geniş yer tutur. Müasir yanaşma artıq süni və şişirdilmiş nəticələrdən uzaqlaşaraq təbii görünüşə üstünlük verir.
Əvvəllər daha çox diqqət çəkən dəyişikliklər edilirdisə, indi məqsəd mimikanı və təbii görünüşü qorumaqdır. Yaxşı estetik əməliyyat kənardan hiss olunmayan nəticədir”.