RU

Xalq artistindən Yusif Eyvazova ittihamlar: "Bu, rüsvayçılıqdır" (MÜSAHİBƏ)

Akademik Opera və Balet Teatrında gərginlik davam edir. Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov ilə solistlər arasında yaranan mübahisə hələ də həllini tapmayıb. Mübahisənin əsas səbəbi direktorun işə gecikən əməkdaşların əmək haqlarını kəsməsidir. Hətta bu əməkdaşlar arasında 44 günlük müharibə veteranı Atəş Qarayev də var. 


Bundan əlavə, direktor repertuarda olan operaların baş rollarını ya özü, ya da müavini oynayır. Solistlər bu hərəkəti özlərinə qarşı hörmətsizlik kimi dəyərləndirirlər.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov Qaynarinfo-ya müsahibəsində vəziyyəti dəyərləndirib. 

- Opera və Balet Teatrında nə baş verir?
- Teatrda solistlərlə rəhbərlik arasında narazılıqlar mövcuddur və bu hal hələ də davam edir. Solistlərə qarşı hörmətsizlik göstərilir. 

- Lakin sabiq direktor Akif Məlikovun dövründə də narazılıqlar olurdu. Yusif Eyvazova qarşı yaranan narazılığın kökündə nə dayanır? 
- Sabiq direktorun dövründə müəyyən problemlər olurdu, amma solistlərə qarşı belə hörmətsizliklər yox idi. Bu hörmətsizliklərin səbəbkarı direktor və onun ətrafıdır. Onlar elə bir vəziyyət yaradıb ki, artıq bizi açıq şəkildə təhqir etmək səviyyəsinə çatdırıblar. 

- Solistlərdən konkret tələb nədir? 

- Direktora sual versələr ki, solistlərdən nə istəyirsiniz, cavabını özü də bilmir. Teatrın inkişafı üçün heç bir addım atılmır. Mən onun Opera və Balet Teatrına direktor kimi gəlməsini dəstəkləmişdim, hətta çox sevindim və ümid edirdim ki, teatr üçün nələrsə edəcək. Lakin neçə ildir ki, təyin olunub, amma ortada köklü iş yoxdur, problemlər uzanıb gedir. Məsələn, dünya futbolunda məşqçiləri Azərbaycan komandalarına gətirirlər, amma onlar gedəndə deyirlər ki, "sizdə futbolçu yoxdur, heç nə edə bilmədik”. İndi isə bu adam Opera və Balet Teatrı kimi bir mədəniyyət qurumuna rəhbər təyin olunur. Mən Yusif Eyvazovdan əvvəl səhnədəyəm, teatrdayam, Moskva və İspaniyada təhsil almışam. Onun vəzifəsi bizi bir araya gətirib  Azərbaycan operasını dünya səviyyəsinə çatdırmaq olmalı idi. Lakin Yusif Eyvazov bunu etmədi. Əvəzində isə operadan qovulan Səbinə Əsədovanı teatra qaytardı və özünə köməkçi təyin etdi. Nazirlik hələ də bilmir ki, bu qadın operada işləyir, yoxsa yox. Problem köklü həll olunmalıdır. Mən teatrda intriqa yaratmaq istəmirəm, sadəcə etik normalara əməl edilməyən hallar var. İnsanlar yerlərini bilməli, operanın inkişafı üçün əllərindən gələni etməlidirlər, amma etmirlər. Çox təəssüf. 

- Samir Cəfərov olaraq Yusif Eyvazovla bu məsələ ilə bağlı danışmısınız? 
- Bəli. Ona dedim ki, siz vəzifə səlahiyyətlərinizdən istifadə edirsiniz, Ramil Qasımovla birlikdə Heydər Əliyev Sarayında reklam olunursunuz, operada oxuyursunuz, özü də "Koroğlu”nu oxuyursunuz. Sabiq direktor Akif Məlikovun dövründə ədalət prinsipi var idi: baş rol bir dəfə mənə verilir, bir dəfə Raminə. İndi isə "Koroğlu”nu yalnız özü oxuyur. Bu düzgün deyil, bu səlahiyyətindən sui-istifadədir. 

- Məlumata görə, mədəniyyət naziri teatrın narazı solistləri ilə görüşüb...
- Xeyr, mən belə bir görüşdən xəbərdar deyiləm. Bu məsələ ilə bağlı mədəniyyət naziri məni qəbul etməyib və kimləri qəbul etdiyini də bilmirəm. 

- Siz Mədəniyyət Nazirliyinə şikayət etmisiniz? Nazirliyə getmisiniz? 
- Xeyr, nazirliyə getməmişəm və bu barədə mənə heç bir məlumat verilməyib. Ola bilsin ki, digər solistləri dəvət ediblər. Teatrda iclas zamanı mən etirazımı bildirdim. Teatrın bir veteranı var - Atəş. Məsələ qaldırdım ki, biz arxa cəbhədə, Avropada olarkən bu adam vətənə xidmət göstərib, 44 günlük müharibədə iştirak edib. İndi isə siz onun 270 manat əmək haqqını kəsirsiniz. Niyə? Belə olmaz. Qazilərə, şəhid ailələrinə və müharibə veteranlarına cənab Prezidentin diqqəti və qayğısı var. Bunu nəzərə almalısınız. Bu hərəkətlə niyə özünüzü gözdən salırsınız? Bu sözləri iclasda mən demişəm. Amma mətbuatda yazılıb ki, guya bu sözləri orada Təyyar deyib. Təyyar heç vaxt onlara söz demir. Problemləri bir-bir üzünə vurdum. Məsələn, "Toska operası"nı Omana apardılar, ancaq özü oxuyurdu. Bizim solistlər kənarda qaldı, heç birini aparmadılar, hamısı kənarda qaldı, bir italyalı qızı gətirdilər və Azərbaycan teatrı adından oxutdular. Kompleks şəkildə işlər yoxdur. Göstərilən bu şeylərin təməli yoxdur.

- Ümid edirsiniz ki, teatrda yaranan narazılıqlar həllini tapacaq?
- Əgər həllini tapmasa, ərizəmi yazıb teatrdan gedəcəyəm. Bu ab-havada və göstərilən münasibətdə onlarla işləmək mümkün deyil. Teatrdan çıxmaq lazımdır. Mən teatrın direktoru tərəfindən özümə qarşı hörmətsizlik görürəm, həm danışığında, həm də rəftarında. Həm də onun köməkçisi Səbinə Əsədovadan hörmətsizlik görürəm. Hətta Opera və Balet Teatrının qarşısına mühafizə təyin ediblər. Təxminən 5–6 ay əvvəl teatra gəlmişdim, az qala məni döymək istədilər. İşlədiyimiz teatrda bizə qarşı bu qədər hörmətsizlik var. 
Избранный
20
1
yenilik.az

2Источники