ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
On ildən çoxdur ki, Xətai rayonunda yapon təbiətini xatırladan məkan var
Bakı, 8 aprel, AZƏRTAC
Yaponiyada yazın erkən çağları ağ, çəhrayı və sarı çiçək açan sakura bağları cənnəti xatırladır. Sakura ağacı uzunömürlü olsa da, çiçəklərinin ömrü çox qısadır. Hətta bəzən onun füsunkar çiçəkləri bir neçə gün, uzağı iki həftə ərzində açır. “Gündoğar ölkə”nin sakinləri üçün həmin çiçəklər ömrün gözəl, qısa və fani olmasının rəmzidir.
Bakının Xətai rayonundakı Heydər Əliyev parkındakı “Yapon bağı”na üz tutanlar həmin ölkədə ən qədim ayinlərdən sayılan Hanami - “çiçəkləyən sakura bayramı”nın təəssüratını yaşayırlar. Yaponiyada çiçəkləyən sakuraya tamaşa etmək ən gözəl zövqlü əyləncə hesab edilir. Bağın müsafiri olan AZƏRTAC-ın müxbirləri də həmin zövqü yaşayıblar.
Bağ 2015-ci ildə salınıb. Parkın bir hissəsini tutan və yapon mədəniyyətinin bir parçası kimi tanınan həmin bağa üz tutan xeyli şəhər sakini var. Onların bir qismi yapon mədəniyyəti həvəskarları, bir qismi isə yaxınlıqda yaşayanlardır. Burada sakuradan başqa da qədim yapon mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar var. Məsələn, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib, yapon təbiətini xatırladan digər simvollar var.
Yazın erkən vədəsi “Yapon bağı” fotosessiya həvəskarlarının da sevimli məkanına çevrilir. Çəhrayı sakura çiçəklərinin ətrafında şəkil çəkdirmək hər kəsdə xoş duyğular oyadır. Əbəs yerə deyil ki, bağı “mikro Yaponiya” adlandırmırlar.
Bağın konsepsiyası Yaponiyanın ənənəvi bağçılıq mədəniyyətinə əsaslanır. Məkanın hər bir detalında sakitlik, sadəlik və harmoniya kimi xüsusiyyətlər gözlənilib.












Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.