RU

Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan Kuboku başa çatıb

Qazax, 8 aprel, AZƏRTAC

Qazax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, eləcə də Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən Alpaqut Turan Döyüş Sənəti üzrə ölkə kuboku keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrindən 28 komanda, ümumilikdə 304 idmançı iştirak edib. İdmançılar Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Açılış mərasimində çıxış edən rəsmi qonaqlar bu cür yarışların gənclərin vətənpərvərlik ruhunda böyüməsində, fiziki hazırlığının artırılmasında və milli idman növlərinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, Alpaqut idman növünün inkişafı və regionlarda idmana marağın artırılmasıdır.

İdmançılar Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim ediblər. Qaliblər diplom və medallarla təltif olunublar.

Komanda hesabında birinci yerə Sabunçu, ikinci yerə Ağdam, üçüncü yerə Şəmkir və Beyləqan komandaları çıxıb.

Müxbir - Ruslan Novruzoğlu

Избранный
9
2
azertag.az

3Источники