ABŞ-ın vitse-prezidenti Cey Di Vens aprelin 10-da İslamabadda başlayacaq tarixi danışıqlar ərəfəsində Macarıstanda tələbələr qarşısında çıxış edərək, əldə olunmuş atəşkəsi "kövrək sülh" adlandırıb və İran rejimini birbaşa hədəf alıb.
Musavat.com xəbər verir ki, Vens Tehranın danışıqlarda vicdanla iştirak etməyəcəyi, yalan və fırıldağa əl atacağı təqdirdə bunun bədəlinin çox ağır olacağını, İran tərəfinin bu nəticədən "qətiyyən məmnun qalmayacağını" bəyan edib. Vitse-prezident Donald Trampın dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffa danışıqları vicdanla aparmaq tapşırığı verdiyini bildirsə də, ABŞ-ın hərbi, diplomatik və fövqəladə iqtisadi rıçaqlarının hər an işə düşə biləcəyi barədə xəbərdarlıq edib.
Trampın "iranlılar döyüşçüdən çox, danışıqlar aparmağı bacaran tərəfdir" fikrini sitat gətirən Vens, İran rəhbərliyi daxilində atəşkəsin mahiyyəti ilə bağlı ciddi fikir ayrılıqlarının və yalan məlumatların tirajlandığını da diqqətə çatdırıb. Vaşinqtonun bu sərt ultimatumu İslamabad görüşü ərəfəsində İrana heç bir manevr imkanı tanınmayacağını və sülh masasında Amerikanın hərbi gücünün əsas təzyiq vasitəsi olaraq qaldığını nümayiş etdirir.
Musavat.com