Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fars körfəzi ölkələrinin zəngin neft və qaz ehtiyatları həm böyük üstünlük, həm də ciddi risk mənbəyi hesab olunur. Milyon illər ərzində formalaşmış geoloji proseslər bu regionu qlobal enerji mərkəzinə çevirib və hazırda davam edən müharibə fonunda dünya enerji böhranının əsas ocaqlarından birinə çevirib.
Qaynarinfo "Theconversation”a istinadən xəbər verir ki, neft geoloqlarının fikrincə, Fars körfəzi bölgəsi hidrokarbon ehtiyatlarının miqyası baxımından dünyada analoqu olmayan ərazidir. Burada hər biri ən azı 5 milyard barel neft ehtiyatına malik 30-dan çox "supernəhəng” yataq yerləşir. Üstəlik, regiondakı quyular gündəlik hasilata görə Şimal dənizi və Rusiya kimi bölgələrdəki ən məhsuldar quyulardan 2–5 dəfə çox neft verir.
Qısa tarixi inkişaf
İnsanlar bu ərazilərdə neft və qazın mövcudluğunu min illər əvvəl də bilirdilər. Son buz dövrünün sonunda – təxminən 14–6 min il əvvəl Fars körfəzi formalaşmazdan əvvəl belə, bölgədə təbii neft və qaz sızmaları müşahidə olunurdu. Qədim dövrlərdə insanlar bitumdan tikinti və qayıqların su keçirməzliyi üçün istifadə edirdi.
Müasir dövrdə ilk iri neft kəşfi 1908-ci ildə İranın qərbində aparılıb. XX əsrin ortalarında aparılan intensiv axtarışlar nəticəsində məlum oldu ki, bu miqyasda ehtiyatlar başqa heç bir regionda yoxdur.
Geoloji quruluşun rolu
Fars körfəzi Ərəb plitəsi ilə Avrasiya plitəsinin toqquşduğu zonada yerləşir. Bu proses təxminən 35 milyon ildir davam edir və nəticədə süxurlar bükülərək, qırılaraq və yüksək temperatur-təzyiq təsiri altında dəyişərək neft və qazın yaranması üçün ideal şərait formalaşdırıb.
İran tərəfində uzanan Zaqros dağları güclü qatlanmış süxurlardan ibarətdir və böyük hidrokarbon ehtiyatlarını özündə saxlayır. Ərəbistan tərəfində isə geniş, günbəz formalı strukturlar yaranıb ki, bu da iri neft və qaz yataqlarının formalaşmasına səbəb olub.
Neftin yaranması üçün ideal şərait
Neft və qaz əsasən dəniz mənşəli mikroorqanizmlərin qalıqlarından formalaşır. Fars körfəzi regionunda bu cür üzvi maddələrlə zəngin süxurlar geniş yayılıb və bəzi yerlərdə onların tərkibində üzvi maddələrin payı 1%-dən 13%-ə qədər çatır.
Bu süxurlar yüksək temperatur və təzyiq altında milyon illər ərzində neft və qaza çevrilərək böyük ehtiyatlar yaradıb.
Dünyanın ən böyük yataqları
Regionda yerləşən ən iri yataqlardan biri Qavar (Səudiyyə Ərəbistanının Şərq vilayətində yerləşən və 1948-ci ildə kəşf edilən dünyanın ən böyük ənənəvi neft yatağıdır) yatağı hesab olunur və burada 70 milyard bareldən çox neft hasil etmək mümkündür. Digər nəhəng yataq isə South Pars–North Dome (Cənub Pars-Şimal Qübbəsi) qaz sahəsidir və enerji baxımından 200 milyard barel neftə bərabər ehtiyatlara malikdir.
Niyə bu qədər unikaldır?
Bütün bu faktorların birləşməsi nəticəsində Yer səthinin cəmi 3%-ni təşkil edən bu region dünya üzrə ənənəvi neft ehtiyatlarının təxminən yarısını və qaz ehtiyatlarının 40%-ni özündə cəmləşdirir. Bu miqyasda ehtiyatlar nə quruda, nə də okeanlarda başqa heç bir yerdə mövcud deyil.
Gələcək perspektivlər
Mütəxəssislər hesab edir ki, regionda hələ də kəşf edilməmiş böyük ehtiyatlar mövcuddur. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə görə, əlavə olaraq 86 milyard barel neft və 336 trilyon kub fut qaz ehtiyatı aşkarlana bilər.
Eyni zamanda, son illərdə tətbiq olunan üfüqi qazma və hidravlik parçalama texnologiyaları bu ehtiyatların daha effektiv çıxarılmasına imkan verə bilər. Artıq Səudiyyə Ərəbistanı və BƏƏ bu metodları tətbiq etməyə başlayıb.
Beləliklə, Fars körfəzi həm zəngin təbii sərvətləri, həm də mürəkkəb geosiyasi vəziyyəti ilə dünya enerji bazarının ən kritik nöqtələrindən biri olaraq qalır.
Günay
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.