RU

Süni intellektin sürətli inkişafı əmək bazarında sosial bərabərsizliyi dərinləşdirə bilər - AÇIQLAMA

Bakı, 8 aprel, AZƏRTAC

Süni intellektin sürətli inkişafı əmək bazarında həm kütləvi iş itkiləri, həm də yeni imkanlar yaradaraq sosial bərabərsizliyi dərinləşdirə bilər.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib.

E.Abbasov qeyd edib ki, əsas risk ondan ibarətdir ki, yüksək texnoloji bacarıqlara malik şəxslərin gəlirləri artdığı halda, rutin işlərlə məşğul olanların gəlirləri azala və ya tamamilə yox ola bilər.

“Lakin tarix göstərir ki, hər bir texnoloji inqilab əvvəlcə iş yerlərini sıradan çıxarır, daha sonra isə əvvəllər mövcud olmayan yeni peşə sahələri yaradır. Bu təsirin kompensasiya edilməsi dövlətlərin və fərdlərin bu keçid dövrünə nə dərəcədə çevik uyğunlaşmasından asılı olacaqdır. Daha çox risk altında olan peşələrə məlumatların daxil edilməsi, mühasibatlıq, tərcümə, sadə müştəri xidmətləri və təkrar istehsalat prosesləri daxildir. Bu risklərə qarşı dövlət və təhsil sistemi təhsil proqramlarını köklü şəkildə yeniləməli, tələbələrə təkcə texniki biliklər deyil, həm də süni intellektin hələ ki tam əvəzləyə bilmədiyi tənqidi təfəkkür və yaradıcılıq kimi bacarıqlar aşılamalıdır. Həmçinin işini itirmə təhlükəsi olan vətəndaşlar üçün genişmiqyaslı yenidən ixtisaslaşma proqramları və rəqəmsal keçid dövründə sosial müdafiə mexanizmləri gücləndirilməlidir”, - deyə Elvin Abbasov əlavə edib.

Избранный
16
1
azertag.az

2Источники