RU

Dotasiyadan asılı idarəetmə: bələdiyyələr niyə öz “ayaqları” üstündə dura bilmir?

Azərbaycanda bələdiyyələrin büdcə gəlirlərində artım müşahidə olunsa da, bu artım onların real fəaliyyətinin nə dərəcədə effektiv olması ilə bağlı sualları yenidən gündəmə gətirib. 2025-ci ildə yerli büdcələrin gəlirləri 65,6 milyon manatı keçərək əvvəlki illə müqayisədə 5,2% artsa da, bu rəqəmlər fonunda həm maliyyə müstəqilliyi, həm də idarəetmə imkanları ilə bağlı müzakirələr səngimir. Xüsusilə dövlət büdcəsindən ayrılan dotasiya və subvensiyaların həcmi, bələdiyyələrin hələ də mərkəzi dəstəyə ehtiyac duyduğunu göstərir. Bu isə cəmiyyətdə “artan büdcə – zəif təsir” dilemmasını daha da aktuallaşdırır.

Son dövrlərdə Azərbaycanda bələdiyyələrlə bağlı narazılıqlar əsasən bir neçə istiqamətdə cəmlənir. Ən çox səslənən problem bələdiyyələrin real səlahiyyətlərinin zəif olmasıdır. Bir çox hallarda vətəndaşlar hesab edir ki, bələdiyyələr kağız üzərində mövcuddur, amma faktiki qərarvermə və təsir imkanları icra hakimiyyətləri ilə müqayisədə çox məhduddur. Bu isə onların fəaliyyətini passiv göstərir.

Digər ciddi narazılıq maliyyə imkanlarının zəifliyidir. Bələdiyyələrin əsas gəlir mənbələri – torpaq vergisi, əmlak vergisi və icarələrdir, bunlar da ya düzgün toplanmır, ya da yetərli olmur. Nəticədə yerli problemlərin həlli üçün vəsait çatışmazlığı yaranır və vətəndaşlar konkret iş görmədiklərini düşünür.

Şəffaflıq və hesabatlılıq məsələsi də tez-tez tənqid olunur. Bəzi hallarda bələdiyyələrin topladığı vəsaitin necə xərcləndiyi barədə açıq məlumat verilmir, bu da etimadı azaldır. Vətəndaşlar bələdiyyə qərarlarının və fəaliyyətinin daha açıq olmasını istəyirlər. Torpaq məsələləri ilə bağlı şikayətlər də geniş yayılıb. Xüsusilə torpaq bölgüsü, sənədləşmə və ya satış proseslərində qeyri-şəffaflıq iddiaları səsləndirilir. Bəzi vətəndaşlar torpaq ala bilmədiklərini, digərləri isə eyni ərazi ilə bağlı mübahisələrin yarandığını bildirir.

İnfrastruktur problemlərinin həllində passivlik də narazılıq yaradan məqamlardandır. Məsələn, yolların təmiri, küçə işıqlandırması, tullantıların yığılması kimi məsələlərdə bələdiyyələrin aktiv olmadığı tez-tez qeyd edilir. Bundan əlavə, seçki və təmsilçilik məsələləri də müzakirə olunur. Bəzi ekspertlər bildirir ki, bələdiyyə üzvləri yerli icmanı kifayət qədər təmsil etmir və seçkilərə maraq aşağıdır, bu da institutun effektivliyinə təsir edir.

Bələdiyyələrin birləşdirilməsi də son illərdə yerli özünüidarəetmə sistemində aparılan əsas islahatlardan biri kimi diqqət çəkir. Bu addımın əsas məqsədi kiçik və maliyyə baxımından zəif bələdiyyələri daha iri və dayanıqlı strukturlar altında birləşdirərək idarəetmənin səmərəliliyini artırmaqdır. Rəsmi mövqeyə görə, bu proses həm inzibati xərclərin azaldılmasına, həm də resursların daha effektiv idarə olunmasına xidmət edir. Lakin bu proses birmənalı qarşılanmır. Ekspertlər qeyd edirlər ki, bələdiyyələrin birləşdirilməsi müəyyən risklər də yaradır. Ən böyük narahatlıq yerli icmaların təmsilçiliyinin zəifləməsi ilə bağlıdır. Kiçik yaşayış məntəqələrinin daha böyük inzibati vahidlərə birləşdirilməsi nəticəsində həmin ərazilərin problemləri arxa plana keçə, vətəndaşların qərarvermədə iştirakı məhdudlaşa bilər.

WhatsApp

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Rəqəmlərə baxsaq, 2025-ci ildə Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3,3 milyon manat artaraq 65,6 milyon manatı keçib. Bu artım nominal olaraq 5,2% təşkil etsə də, real iqtisadi vəziyyəti nəzərə aldıqda bələdiyyələrin maliyyə dayanıqlığı hələ tam təmin olunmayıb. Yerli büdcələrə daxilolmaların əsas hissəsini təşkil edən vergilərdən gəlirlər 7,2 milyon manat və ya 26,5 % artıb. Bakı bələdiyyələri isə ümumi yerli büdcə gəlirlərinin 35,3 %-ni təşkil edir və onların gəlirləri 16,4 % artaraq 23 milyon manatı ötüb. Bununla belə, ötən il bələdiyyələrə dövlət büdcəsindən 7,5 milyon manat dotasiya və subvensiya ayrılıb, yəni bələdiyyələrin təxminən 11 %-i hələ də dövlət dəstəyinə bağlıdır. Bu da o deməkdir ki, dövlət dəstəyi olmasa, tab gətirə bilməzlər”.

Ekspert əlavə edib ki, dünya təcrübəsində bələdiyyələr əsasən desentralizasiya və yerli idarəçiliyin əsas sütunları kimi fəaliyyət göstərir:

“Onların vəzifəsi vətəndaşlara yaxın xidmət göstərmək, yerli infrastruktur və sosial proqramları idarə etmək, regionların inkişafını təşviq etməkdir. Yəni bələdiyyələr həm maliyyə, həm inzibati, həm də səlahiyyət baxımından müstəqil olmalı, dövlət büdcəsindən asılı olmadan öz resurslarını idarə edə bilməlidirlər. Azərbaycan kontekstində isə bələdiyyələr “yarımçıq doğulmuş uşaq” metaforası ilə xarakterizə oluna bilər, belə təsəvvür yaranır ki, formal olaraq yaradılıb, səlahiyyətləri müəyyən edilib, büdcələri var, lakin struktur baxımından yetkin deyil, maliyyə müstəqilliyi zəifdir və bir çox hallarda dövlət dotasiyalarına asılıdır. Kiçik bələdiyyələr maliyyə və inzibati baxımdan dayanıqlı deyil, vergi toplama imkanları məhduddur və əksər hallarda mərkəzləşdirilmiş dövlət dəstəyi olmadan fəaliyyət göstərə bilmirlər. Bələdiyyələrin birləşdirilməsi prosesi maliyyə və inzibati səmərəliliyi artırmaq məqsədilə aparılsa da, sosial və yerli xidmətlərin əlçatanlığı baxımından risklər mövcuddur. Birləşmə yalnız maliyyə və idarəetməni mərkəzləşdirir, lakin yerli demokratiya və vətəndaşların birbaşa iştirak imkanlarını məhdudlaşdıra bilər.

Düşünürəm ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti nominal artımlarla müşahidə edilən qənaətbəxş gəlirlərə baxmayaraq, hələ tam effektiv və müstəqil yerli idarəçilik modeli yaratmayıb. Vergi gəlirlərinin artımı və dotasiyaların məqsədyönlü istifadəsi müsbət meyillər olsa da, bələdiyyələrin tam funksional, desentralizasiya prinsiplərinə uyğun və maliyyə baxımından yetkin qurumlar kimi formalaşması üçün ilk növbədə qanunvericiliyə yenidən baxılmalı, ciddi struktur və inzibati islahatlar aparılmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
4
1
musavat.com

2Источники