RU

Azərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.

Dövlət Komitəsindən TurkicWorld - a verilən məlumata görə, Keniya Hökumətinin ev sahibliyi və Afrika İttifaqının dəstəyi ilə keçirilən Forum 10 aprel tarixinədək davam edəcək.

Bildirilib ki, builki Forum "Hər kəs üçün layiqli mənzil: Gündəlik 2063-ün həyata keçirilməsi istiqamətində sosial-iqtisadi və ekoloji transformasiyanın təşviqi" mövzusuna həsr olunub. Tədbir şəhərsalma və şəhərlərin davamlı inkişafı sahəsində regionun əsas müzakirə platformalarından biri hesab olunur.

Nümayəndə heyətinin Forum çərçivəsində yüksək səviyyəli görüşlərdə və sessiyalarda iştirakı planlaşdırılır. Forumun gündəliyinə uyğun olaraq ölkəmizin nümayəndə heyətinin rəhbəri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramı Assambleyasının "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə 2025–2026-cı illər üçün Hökumətlərarası İşçi Qrupun həmsədri qismində məruzə ilə çıxış edəcək.

Keniyaya səfər çərçivəsində Komitə sədri digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirəcək. Bu görüşlər zamanı aktual məsələlərlə yanaşı, Bakı şəhərində cari ilin 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə də məlumat veriləcək. Eyni zamanda, Afrika regionunun media nümayəndələri üçün ayrıca brifinq və tədbirin keçirildiyi məkanda WUF13-ün sərgi guşəsi təşkil olunacaq.

Tədbirdə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak edirlər.

Избранный
12
6
turkic.world

7Источники