RU

Süni yetişdirilən meyvələr xəstəliklər yaradır – AÇIQLAMA

Sosial şəbəkələrdə çiyələyin yetişdirilməsi prosesindən çəkilən video geniş müzakirələrə səbəb olub. Belə ki, videodakı şəxs giləmeyvənin yetişməsi üçün suya qatılan kimyəvi maddələri göstərərək meyvələrin dərmansız yetişmədiyini, insanları bilərəkdən zəhərlədiklərini bildirir.

 

Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, hər bir meyvə, tərəvəz, giləmeyvəni öz mövsümündə yemək faydalıdır.

 

O bildirib ki, bu, sağlamlıq üçün daha faydalıdır və mövsümündə yeyilən məhsulun insanlara hər hansısa fəsadı ola bilməz: “Hazırda yerdə yağış, qar var, hava buludludur və hansısa giləmeyvə və ya kol bitkisinin, tərəvəzin bağ, bostan şəraitində yetişməsi mümkün deyil. Ancaq bunlar eyni ölçülü, parlaq, bir-birinə bənzər formada satışda var. Birmənalı şəkildə isə heç birində dad yoxdur. Burada istixana şəraitində yetişdirilmiş çiyələkdən söhbət gedir. Baxsaq görərik ki, həmin çiyələklər bir-birindən fərqlənmir. İstifadə edəndə də görürük ki, görünüşcə parlaq, böyük, çəkici olsa da, çiyələyin dadını vermir. Artıq burada məhsulun insan sağlamlığına xeyrindən danışmaq olmaz. Sadəcə, insanların onların yetişməsində istifadə etdikləri petisidlər, nitrat gübrələri, kimyəvi maddələrdir. Bunlar insanın bədənində yığılıb qalan toksinlərdən başqa bir şeyə xidmət etmir. Nə qədər bol su, bəzən kimyəvi maddələri təmizləmək üçün istifadə edilən sirkəli su ilə yuyulsa da, yenə istifadə etdikdə insan qaraciyəri, böyrəyində çöküntü formasında toplanıb qalır. Bu baxımdan da istixana şəraitində yetişdirilən meyvə və tərəvəzin yalnız görüntüsü var, faydalı məhsuldan söhbət gedə bilməz”.

 

İ.Şirinov bu növ yetişdirilən meyvələrin insan orqanizminə verdiyi mənfi təsirlərdən bəhs edib: “Süni yetişdirilən meyvələr insan orqanizmində allergik reaksiyalar, mədə-bağırsaqda fəsadlar törədə bilər. Şəkərli diabetdən əziyyət çəkən insanlarda müxtəlif problemlər yarada bilər. Məhsulun tərkibində kimyəvi maddədən danışırıqsa, həmin gübrənin insan orqanizminə nə qədər mənfi təsiri varsa, belə məhsullardan istifadə də mənfi amillərə gətirib çıxara bilir. Təbii ki, öz mövsümlərində bütün meyvələrin istifadəsi istər insan orqanizminin sağlamlığı, istərsə də dad baxımından faydalıdır. İnsanlar istənilən vitamini həmin meyvə və giləmeyvələrdən ala bilir. Ancaq nəzərə alsaq ki, bütün vitrinlərdə, piştaxtalarda, satış nöqtələrində çiyələk, üzüm də satılır. Onlar ya idxal məhsuludur ki, hansı şəraitdə, saxlama qaydasında idxal olunubsa, bundan xəbərimiz yoxdur və ya istixana şəraitində bol gübrələrlə yetişdirilmiş bir məhsuldur. Bu zaman hansısa faydadan danışmağa dəyməz”.

 

Şəhanə Quliyeva

Tarix: 8 Aprel 2026, 11:50   
Избранный
23
1
pravda.az

2Источники