RU

“Türk dünyasının diplomatiya inciləri” – yeni kitab təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu bir-birinin ardınca möhtəşəm layihələr icra edir. Bunlardan növbəti biri də "Türk dünyasının diplomatiya inciləri” kitab seriyasıdır.

Türk Mədəniyyəti və İrsi Fondu son iki il içində beş yeni kitab seriyası təsis edib. "Türk dünyasının diplomatiya inciləri" seriyasından işıq üzü görən ilk iki kitab tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənovun "Macar–Azərbaycan ortaq etnik kökləri" və Vilayət Quliyevin "Polşa–Litva tatarları Azərbaycanda" əsərləridir.

 

Aprelin 7-də Fondun mənzil-qərargahında bu seriyadan növbəti kitab – Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin müəllifi olduğu, “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın təqdimatı keçirildi.

Tədbirdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai-siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilat rəhbərləri iştirak edirdi.

Tədbirin aparıcısı – Fondun əməkdaşı, şair Fərid Hüseyn idi. O, kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, özəlliklə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində oynadıqları önəmli rolun geniş tarixi faktlar, arxiv materialları əsasında işıqlandırıldığını dedi.

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ilk çıxışçı olaraq bildirdi ki, Fond yalnız Türk dünyasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan türk xalqlarının mədəni irsinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir.

 

Xanım Raimkulova bildirdi ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyevin qələmə aldığı, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən bu kitab Fondun Litva və Polşa ilə mədəni bağlarının gücləndirilməsi, eləcə də həmin ölkələrdə yaşayan türk xalqlarının tarixi irsinin təbliği yönündə atılan ardıcıl və məntiqi addımların davamıdır.

 

Aktotı Raimkulova söylədi ki, "Fond olaraq biz diplomatik irsimizin qorunmasına və təbliğinə xüsusi önəm veririk. Çünki diplomatik münasibətlərin inkişafı eyni zamanda mədəni əlaqələrin güclənməsinə də mühüm töhfə verir”.

 

Tarix elmləri doktoru Həsən Həsənov qeyd etdi ki, Azərbaycan elmi və ədəbi irsində, xüsusilə filologiya və tarix sahələrinə aid əsərlər xüsusi yer tutur. Onun sözlərinə görə, son illərdə görkəmli Azərbaycan şəxsiyyətlərinin fəaliyyəti və irsinin təhlilinə həsr olunmuş silsilə əsərlər meydana çıxıb.

 

Həsən Həsənov bildirdi ki, "Polşa-Litva tatarları Azərbaycanda” adlı kitab Polşa ilə Azərbaycanın mədəni və elmi əlaqələrinə, eyni zamanda Azərbaycana ürəkdən bağlı olan şəxslərin fəaliyyətinə həsr olunub. - Bu, mühüm bir təşəbbüsdür, çünki tarixi əlaqələr və xalqlar arasında mövcud olan dostluq daha dərindən araşdırılmalı və təqdim edilməlidir.

 

Növbəti çıxışçı – kitabın redaktoru olan Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, bu əsər Azərbaycan ilə Polşa-Litva tatarları arasında tarixi-mədəni bağların elmi əsaslarla araşdırılması baxımından önəm daşıyır. Onun sözlərinə görə, kitab bu əlaqələrin daha dərindən öyrənilməsinə və yeni elmi yanaşmaların formalaşmasına geniş imkanlar yaradır.

 

Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi Türk dünyasına töhfə olan əsərlərin məziyyətlərindən, bu yolda zəhmət şəkən insanların cəfakeşliyindən danışdı.

 

Xalq şairi Sabir Rüstəmxanlı və Millət vəkili, professor Hikmət Babaoğlu əsərin tarixi yaddaşın qorunması, Azərbaycan–Polşa–Litva mədəni əlaqələrinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğuladılar. Onların sözlərinə görə, Polşa–Litva tatarlarının Azərbaycanla bağlı tarixi əlaqələrinin elmi əsaslarla araşdırılması həm akademik mühit, həm də geniş ictimaiyyət üçün xüsusi dəyər kəsb edir və gələcək araşdırmalara geniş imkanlar açır.

 

Tədbir bədii hissə ilə davam etdi. Həzin kaman musiqisi səsləndi. Musiqiçi bu çalğı alətiylə həm polyak həm də Azərbaycan musiqisi ifa etdi.

 

Sonda kitabın müəllifi Vilayət Quliyev özünün Polşa sevgisinin köklərindən danışdı; bildirdi ki, əsərin yazılmasında əsas məqsəd Polşa-Litva tatarlarının Azərbaycan tarixi ilə bağlı izlərini sistemli şəkildə araşdırmaq, bu əlaqələrin müxtəlif dövrlərdə necə formalaşdığını elmi mənbələr və arxiv materialları əsasında üzə çıxarmaqdır. Səfir tövsiyyə etdi ki, bütün azərbaycanlı səfirlər xidmət keçdikləri ölkələr barədə kitab yazmalıdır ki, Azərbaycandakı xarici ölkə səfirləri də Azərbaycan barədə yazsın.

 

Nigar Xanəliyeva,

(“Ədəbiyyat və incəsənət”)



Избранный
1
3
herbiand.az

4Источники