RU

Azad iqtisadi zonalar Azərbaycanı regional iqtisadi mərkəzlərdən birinə çevirə bilər - AÇIQLAMA

Bakı, 8 aprel, AZƏRTAC

Qlobal iqtisadi rəqabətin və regional logistika marşrutlarının yenidən formalaşdığı bir dövrdə, Azərbaycanda yaradılan azad iqtisadi zonalar ölkənin investisiya cəlbediciliyini və qeyri-neft sektorunun inkişafını real olaraq nə dərəcədə sürətləndirə bilər? Bu zonaların regional iqtisadi mərkəzə çevrilməsi üçün hansı institusional və iqtisadi mexanizmlər daha vacibdir?

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlamasında bildirib ki, qlobal iqtisadi rəqabətin gücləndiyi və beynəlxalq logistika marşrutlarının yenidən formalaşdığı müasir şəraitdə Azərbaycanda yaradılan azad iqtisadi zonalar ölkənin investisiya cəlbediciliyinin artırılması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi baxımından mühüm potensiala malikdir.

“Bu zonalar investorlar üçün əlverişli vergi və gömrük rejimi, sərbəst kapital hərəkəti və sadələşdirilmiş inzibati prosedurlar təqdim etməklə xarici və yerli investisiyaların cəlbini stimullaşdırır. Xüsusilə ixracyönümlü istehsalın təşkili və yüksək əlavə dəyər yaradan sahələrin inkişafı baxımından azad iqtisadi zonalar iqtisadiyyatın şaxələndirilməsinə real töhfə verə bilər. Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi bu zonaların logistika və tranzit imkanlarını genişləndirərək ölkənin regional iqtisadi sistemdə rolunu gücləndirir. Lakin bu təsirin real və davamlı olması avtomatik xarakter daşımır və bir sıra amillərdən asılıdır. Əgər azad iqtisadi zonalar yalnız vergi güzəştləri ilə məhdudlaşarsa və milli iqtisadiyyatla zəif inteqrasiya olunarsa, onların təsiri məhdud qala bilər. Bu baxımdan, bəhs olunan zonaların yerli iqtisadiyyatla əlaqələndirilməsi, yerli müəssisələrin dəyər zəncirinə qoşulması və daxili bazarla qarşılıqlı təsirin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, institusional mühitin keyfiyyəti, hüquqi sabitlik və investor hüquqlarının etibarlı qorunması bu zonaların effektivliyini müəyyən edən əsas faktorlar sırasındadır”, - deyə Cavadxan Qasımov bildirib.

C.Qasımov qeyd edib ki, azad iqtisadi zonaların regional iqtisadi mərkəzə çevrilməsi üçün ilk növbədə sabit və şəffaf hüquqi çərçivənin formalaşdırılması vacibdir. İnvestorlar üçün uzunmüddətli təminatların verilməsi, mübahisələrin ədalətli və beynəlxalq standartlara uyğun həll mexanizmlərinin mövcudluğu onların qərarvermə prosesində həlledici rol oynayır: “Bununla yanaşı, idarəetmədə çeviklik və “bir pəncərə” prinsipi əsasında xidmətlərin təşkili inzibati maneələri minimuma endirərək biznes mühitini daha da əlverişli edir. İqtisadi baxımdan isə konkret prioritet sahələrin müəyyənləşdirilməsi, xüsusilə logistika, sənaye istehsalı və texnologiya yönümlü fəaliyyətlərin təşviqi zonaların effektivliyini artırır. Eyni zamanda, insan kapitalının inkişafı, peşəkar kadr hazırlığı və texnoloji biliklərin artırılması bu zonaların uzunmüddətli rəqabət qabiliyyətinin təmin olunmasında mühüm rol oynayır. Nəticə etibarilə, azad iqtisadi zonalar düzgün institusional və iqtisadi mexanizmlərlə dəstəkləndiyi təqdirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirə, ölkənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra və onu regional iqtisadi mərkəzlərdən birinə çevirə bilər. Lakin bu prosesin uğuru daha çox idarəetmənin keyfiyyətindən, iqtisadi siyasətin ardıcıllığından və zonaların milli iqtisadi sistemlə inteqrasiyasının səviyyəsindən asılıdır”.

Избранный
18
1
azertag.az

2Источники