RU

Qarşılıqlı etimadın uğurlu modeli




Aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Gürcüstan münasibətlərinin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə söykənir. Bu tarixi əlaqələr dövlətlərarası münasibətlər üçün möhkəm baza rolunu oynayır. İki xalq arasında formalaşmış qarşılıqlı etimad mühiti müasir mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regionda sabitlik və əməkdaşlıq üçün nümunəvi model yaradır.
Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləməsi də bu etimadın praktik təzahürüdür: “Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzrə nümayiş etdirilən vahid mövqe iki ölkənin ortaq siyasi xəttinin göstəricisidir. Tərəflərin prinsipial mövqeyi beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə səbəb olur. Nəticə etibarilə, həmrəylik regional sabitliyin təmin olunmasına və uzunmüddətli əməkdaşlığın davamlı inkişafına töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda iqtisadi inkişafdan söz açaraq Gürcüstanın iqtisadi səviyyəsinin yüksəlişindən, burada yaxşı sərmayə iqliminin mövcudluğundan, bu səbəbdən Azərbaycan investorlarının siyasi sabitliyə malik olan Gürcüstana maraq göstərməsindən, Azərbaycanın Gürcüstanın, Gürcüstanın Azərbaycanın suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini də xatırlatdı. Gürcüstanın da, Azərbaycanın da dövlət müstəqilliyinə qəsdlər olub. 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Bakıda faciələr törədildi, lakin bu faciələr nə gürcü xalqının, nə də Azərbaycan xalqının mübarizə əzmini sarsıda bilmədi. İndi regionda reallıqlar milli maraqlar əsasında qurulub və hər iki dövlət öz müstəqilliyini, suverenliyini qətiyyətlə qoruyur. Bu reallıqlara istinadən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Gürcüstanla Azərbaycan arasında münasibətlərin başqa dövlətlərə nümunə kimi qəbul edilməli olduğunu bidirərək dedi: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim” deyə bildirib.
Enerji sahəsində əməkdaşlıq iki dövlət arasında münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu prosesdə Gürcüstan əsas tranzit tərəfdaş kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini yenidən formalaşdırıb. Bu layihələr vasitəsilə enerji resursları təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çıxarılır. Bununla yanaşı, Orta Dəhliz layihəsi Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı rolunu oynayır. Bu dəhliz regionun logistika imkanlarını genişləndirməklə yanaşı, iqtisadi inteqrasiyanı daha da sürətləndirir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar bir daha təsdiq edir ki, iki dövlət arasında münasibətlər strateji xarakter daşıyır və davamlı inkişaf xətti üzrə irəliləyir. Bu tərəfdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Mövcud siyasi iradə, iqtisadi əməkdaşlıq və ortaq strateji maraqlar fonunda münasibətlərin daha da möhkəmlənəcəyi və yeni mərhələyə qədəm qoyacağı şübhə doğurmur.
Etibar Əhmədov
Избранный
38
newscenter.az

1Источники