RU

Tarixdə reklam və marketinq: Keçmişdən bu günə dəyişməyən strategiyalar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Reklam və marketinqin müasir dövrün məhsulu olduğu düşünülsə də, aparılan araşdırmalar bu sahənin əsrlərdir mövcud olduğunu göstərir. Tarixi nümunələr sübut edir ki, insanların diqqətini çəkmək və onları məhsul almağa təşviq etmək üçün istifadə olunan üsullar zamanla formaca dəyişsə də, mahiyyət etibarilə eyni qalıb.

Banco.az xəbər verir ki, 18–19-cu əsrlərdə, xüsusilə Avropada küçə satıcıları məhsullarını tanıtmaq üçün mahnılar oxuyur, yüksək səslə çağırışlar edir və hekayələr danışırdılar. Bu üsullar bugünkü sosial media fenomenləri və viral kontent strategiyalarının ilkin forması kimi qiymətləndirilir.

20-ci əsrin əvvəllərində isə reklamçılar insanların qorxu hissindən aktiv şəkildə istifadə etməyə başlayıblar. “Bu məhsulu istifadə etməsəniz, xoşagəlməz vəziyyətlərlə üzləşəcəksiniz” kimi mesajlar geniş yayılmışdı. Bu yanaşma bu gün də “fear marketing” adı altında istifadə olunur. Tarixi reklam nümunələrində saxta müştəri rəylərinə də rast gəlinir. Qəzetlərdə yayımlanan bəzi “məmnun istifadəçi” fikirlərinin həqiqətə uyğun olmadığı və eyni şəxslərin müxtəlif məhsullar üçün təqdim edildiyi məlumdur.

Bundan əlavə, xüsusilə 19-cu əsrdə bazarda heç bir elmi sübutu olmayan, lakin böyük vədlər verən məhsullar geniş yayılmışdı. Saç çıxaran yağlar, möcüzəvi dərmanlar və hətta ölümsüzlük vəd edən vasitələr istehlakçılara təqdim edilirdi.

Marketinqdə hekayə danışma üsulu da qədim dövrlərdən istifadə olunur. Yarmarkalarda əvvəlcə maraqlı bir hekayə qurulur, daha sonra isə bu hekayənin “həlli” kimi məhsul təqdim edilirdi. Bu metod müasir marketinqdə “storytelling” kimi tanınır.

Digər diqqətçəkən üsullardan biri isə “canlı reklam” idi. İnsanlar üzərlərinə reklam yazıları geyinərək küçələrdə gəzir və markaların tanıdılmasına xidmət edirdilər. Bu yanaşma müasir guerilla marketinqin erkən forması hesab olunur.

Eyni zamanda, bəzi reklamlar şok effekti yaratmaq məqsədilə hazırlanırdı. Xüsusilə sağlamlıq məhsullarında istifadə olunan narahatedici vizuallar insanların qorxu hissini gücləndirərək onları alışa yönəldirdi.

Mütəxəssislər qeyd edir ki, texnologiya və platformalar dəyişsə də, reklamın əsas məqsədi dəyişməz qalır: istehlakçının diqqətini çəkmək və onu inandırmaq. Bu baxımdan, müasir marketinq texnikaları keçmişdə istifadə olunan üsulların sadəcə yenilənmiş forması kimi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
12
1
banco.az

2Источники