Əməkdar artist iddia edir ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır - reaksiya
Cəmiyyətdə müzakirə doğuran növbəti açıqlama bu dəfə əməkdar artist Vasif Məhərrəmlidən gəlib. Müğənni efir və saytlarda boşanma statistikasının açıqlanmasını tənqid edərək bildirib ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır və ümumilikdə cəmiyyət üçün mənfi psixoloji fon formalaşdırır. Onun fikrincə, “bu il bu qədər insan boşandı” kimi rəqəmlərin açıqlanması nə ölkənin adına, nə də insanların psixologiyasına müsbət təsir göstərir.
Bu yanaşma ilk baxışda emosional və hətta müəyyən qədər “qoruyucu” görünə bilər. Amma məsələni daha dərindən təhlil etdikdə ortaya fərqli mənzərə çıxır: problem doğrudan statistikadadır, yoxsa reallığın özündə?
Azərbaycanda son illərin rəsmi göstəriciləri nikah və boşanma balansında ciddi dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, hər il orta hesabla 50-60 min nikah qeydə alınır, boşanmaların sayı isə 15-20 min arasında dəyişir. Bu isə o deməkdir ki, təxminən hər 3 evlilikdən 1-i boşanma ilə nəticələnir. Bu statistika artıq sistemli sosial tendensiyadır. Yəni problem gizlədiləcək səviyyədə deyil - əksinə, araşdırılmalı və izah olunmalıdır.
Müğənninin vurğuladığı əsas məqam insanların bu rəqəmlərdən təsirlənərək evlilikdən çəkinməsidir. Doğrudur, statistik məlumatlar xüsusilə gənclərdə müəyyən narahatlıq yarada bilər. “Bu qədər boşanma varsa, deməli, evlilik risklidir” kimi düşüncələr formalaşa bilər.
Amma burada vacib bir sual ortaya çıxır:
İnsanları qorxudan statistika, yoxsa boşanmaların real səbəbləridir?
Çünki əgər cəmiyyətdə hələ də erkən nikahlar varsa, maddi problemlər ailələri sarsıdırsa, sosial və psixoloji uyğunluq nəzərə alınmadan evliliklər qurulursa, onda bu problemlərin nəticəsi olan boşanmaları gizlətmək vəziyyəti dəyişmir.
Statistik məlumatlar isə sadəcə “rəqəm” deyil, onlar cəmiyyətin aynasıdır. Bu məlumatlar sosial problemlərin miqyasını göstərir, dövlət qurumlarına düzgün siyasət formalaşdırmaq imkanı verir, psixoloqlar, sosioloqlar və ailə mütəxəssisləri üçün analiz bazası yaradır, həmçinin gənclərin daha düşünülmüş qərarlar verməsinə kömək edir. Mütəxəssislər qeyd edir ki, əgər bu rəqəmlər açıqlanmasa, problem görünməz hala gələr. Görünməyən problem isə həll olunmur.
Amma bu zaman bur sual da ortaya çıxır ki, cəmiyyət həqiqəti eşitməkdən qorxmalıdır, yoxsa onu anlayıb doğru nəticə çıxarmağı öyrənməlidir?

Üzeyir Şəfiyev
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Elə mövzular var ki, onların davamlı şəkildə gündəmdə saxlanılması zamanla cəmiyyət üçün adiləşir, insanları sanki bu vəziyyətə psixoloji olaraq hazırlayır. Bu baxımdan hesab edirəm ki, boşanma mövzusu barədə az danışıb, daha çox əməli işlər görmək lazımdır. Çünki intihar və boşanma kimi həssas mövzuların tez-tez qabardılması müəyyən mənada insanlarda bu hallara qarşı həssaslığı azaldır, hətta bəzi hallarda dolayı şəkildə təşviqedici təsir də yarada bilir”.
Sosioloq hesab edir ki, televiziya kanalları və kütləvi informasiya vasitələri bu mövzuya yanaşmada daha məsuliyyətli olmalı, müəyyən mənada məhdudiyyət tətbiq etməlidirlər: “Lakin bu o demək deyil ki, problem ört-basdır edilməlidir. Əksinə, müvafiq dövlət qurumları və aidiyyəti təşkilatlar boşanmaların qarşısını almaq, ailə institutunu gücləndirmək istiqamətində daha sistemli və effektiv addımlar atmalıdırlar.
Şübhəsiz ki, boşanmaların artan statistikası gənclər arasında müəyyən narahatlıq yaradır. Bu statistika onları təşvişə salır, gələcəyə daha ehtiyatla yanaşmağa vadar edir. Gənclər düşünürlər ki, ailə qurduqdan sonra qısa müddətdə boşanmaq ehtimalı yüksəkdir və bu da onların evliliyə münasibətinə mənfi təsir göstərir. Ümumiyyətlə, bu gün gənclər arasında “subaylıq sindromu”nun formalaşdığı açıq şəkildə müşahidə olunur. Aparılan müxtəlif sorğular da göstərir ki, gənclərin bir qismi ailə qurmağa əvvəlki nəsillərlə müqayisədə daha az maraq göstərir".
Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, subaylıq tendensiyanın səbəbi yalnız boşanma statistikasının mediada geniş şəkildə işıqlandırılması deyil. Burada bir sıra sosial, psixoloji və mədəni faktorlar da mühüm rol oynayır: “Müasir gənclik daha çox fərdi azadlıqlara üstünlük verir, bəzən daha eqoist həyat tərzinə meyllənir, ailə və övlad məsuliyyətini üzərinə götürmək istəmir. Onlar daha rahat, qayğısız həyat yaşamağa üstünlük verirlər və bu da ailə qurmaq qərarını gecikdirir.
Digər tərəfdən, qloballaşmanın təsiri ilə bəzi xarici modellər də cəmiyyətimizə nüfuz edir. Məsələn, Asiya ölkələrində, xüsusilə Yaponiyada gənclərin bir qisminin sosial və emosional ehtiyaclarını real münasibətlərdən daha çox virtual mühitdə qarşıladığı müşahidə olunur. Bu isə ailə institutunun zəifləməsinə, ənənəvi münasibətlərin arxa plana keçməsinə səbəb olur. Belə tendensiyalar yeni həyat tərzini formalaşdırır və cəmiyyətə də bu istiqamətdə təsir göstərir. Artıq demək olar ki, ənənəvi ailə institutu müəyyən mənada böhran dövrünü yaşayır. Bu baxımdan hesab edirəm ki, boşanma mövzusuna mediada daha az yer ayrılmalı, əvəzində isə sağlam ailə modelinin təşviqi gücləndirilməlidir. Statistik məlumatlar aidiyyəti qurumlar tərəfindən analiz olunmalı, lakin onların geniş şəkildə mediada təqdim olunması məhdudlaşdırılmalıdır".
Sosioloq sonda qeyd edib ki, mətbuatda və sosial mediada nümunəvi ailələr, sağlam münasibətlər, ailə dəyərlərinin ön plana çəkilməsi daha məqsədəuyğundur: “Ailə institutunun deqradasiyasına səbəb olan çağırışların qarşısı alınsın, subaylığı təşviq edən və ailə dəyərlərini kölgədə qoyan bəzi məşhurların bu istiqamətdəki çıxışlarına qarşı ictimai mövqe formalaşdırılsın. Yəni əsas diqqət problemlərin sadəcə təqdimatına deyil, onların həllinə və sağlam cəmiyyət modelinin qurulmasına yönəldilməlidir”.
Yazını hazırladı: Xalidə GƏRAY