RU

Bakının üzv olduğu Sülh Şurası - tamam, yoxsa...

Təsisindən 10 gün sonra ABŞ-nin İranla müharibəyə başlaması bu qurumun perspektivini şübhə altına alıb, amma fərqli gözləntilər də var

Fevralın 19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası oldu. Toplantıda 20-dən çox ölkənin rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycanın dövlət başçısı İlham Əliyev, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti  Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və digərləri qatıldılar. Qərb mediası yazırdı ki, Sülh Şurası əvvəlcə atəşkəsdən sonra Qəzza sektorunun idarə olunması üçün beynəlxalq mexanizm kimi nəzərdən keçirilsə də, daha sonra münaqişədən zərər çəkmiş bölgələrdə davamlı sülhün təmin edilməsi kimi daha geniş məqsəd qoymaq istədiyi iddia olunurdu. Amma Sülh Şurasının  təsisindən 10 gün sonra ABŞ-nin İranla müharibəyə başlaması bu qurumun perspektivini şübhə altına alıb.

Bu baxımdan, İran ətrafında baş verən proseslərdə onun rolu yalnız aktiv hərbi faza başa çatdıqdan sonra aktuallaşa bilər.

AĞAMALI

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, fevralın 19-da Vaşinqtonda ABŞ-nin  təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası beynəlxalq münasibətlər sistemində yeni bir platforma kimi diqqət çəkdi: “Azərbaycanın bu təşəbbüsdə təmsil olunması ölkəmizin qlobal sülh və təhlükəsizlik məsələlərinə verdiyi töhfənin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirir. ABŞ-nin bu kimi təşəbbüslərlə çıxış etməsi beynəlxalq səviyyədə dialoq mühitinin qorunması və münaqişələrin həlli üçün mexanizmlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə müasir dünyada çoxtərəfli əməkdaşlıq platformalarına ehtiyac daha da artır və belə təşəbbüslər boşluğu müəyyən qədər doldurmağa xidmət edir. Eyni zamanda qlobal və regional proseslərin mürəkkəbliyi göstərir ki, sülh təşəbbüslərinin effektivliyi təkcə onların yaradılması ilə deyil, real siyasi iradə, davamlılıq və konkret mexanizmlərlə ölçülür. Bu baxımdan, Sülh Şurasının gələcək fəaliyyəti də məhz bu meyarlar əsasında müəyyən ediləcək. Azərbaycanın mövqeyi dəyişməzdir. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan, ədalətli və dayanıqlı sülhə xidmət edən bütün təşəbbüslərin tərəfdarıdır. Rəsmi Bakı hər zaman konstruktiv əməkdaşlıq mövqeyindən çıxış edir və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan platformalarda fəal iştirak etməyə hazırdır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə belə təşəbbüslər üçün zaman əsas şərtlərdən biridir. Sülh Şurasının real nəticələr verən platformaya çevrilməsi üçün ardıcıl fəaliyyət, tərəflər arasında etimadın gücləndirilməsi və praktiki addımlar həlledici olacaq".

Sona

Siyasi təhlilçi Sona Əliyeva isə məsələyə belə aydınlıq gətirdi: “2026-cı ilin yanvar-fevral aylarında ABŞ Prezidenti Donald Tramp tərəfindən BMT-yə alternativ olaraq yaradılan Sülh Şurasına Azərbaycan da daxil olmaqla, 26-dan çox ölkə təsisçi üzv qismində qoşulub. İlham Əliyev və Nikol Paşinyan yanvarın 22-də Davosda nizamnaməni imzalayıb, fevralın 19-da Vaşinqtonda ilk iclasda iştirak ediblər. İlk baxışdan görünən odur ki, Trampın niyyəti təkcə Qəzzaya yardım məsələsi deyil. Eyni zamanda Tramp ABŞ və İsrailin həyata keçirdiyi savaşların iqtisadi bədəlini şurada təmsil olunan üzv dövlətlərə ödətmək istəyir. Bir sözlə, Trampın gedişindən sonra bu qurumun da çöküşü labüdləşəcək. Doğrudur, Azərbaycan təsisçi üzvlərdən biridir və regional oyunçu kimi yox, qlobal sülh prosesində yer alan tərəf kimi dəvət alıb. Sülh Şurası adlı təşkilat Trampın melanxolik siyasəti nəticəsində ölü doğuldu. Qurumun yaradılmasından dərhal sonra İrana müdaxilə gerçəkləşdi. Görünən odur ki, Sülh Şurasının hesabına toplanan vəsait İranla savaşın hərbi-iqtisadi xərclərini qarşılamaq üçünmüş. Kağız üzərində şura əsasən regional münaqişələrin həllini və yeni nizamı hədəfləyir. Ancaq reallıqda belədirmi? Təbii ki, xeyr! Çünki Çin və Rusiyasız bu mümkün görünmür. İstənilən halda, Azərbaycanın Sülh Şurasında iştirakını şərtləndirən əsas amillərdən biri Bakı-Vaşinqton xəttində son illərdə intensivləşən strateji dialoqdur. Ötən ilin avqustunda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda normallaşma prosesinə yeni impuls verib. Fevralın əvvəlində ABŞ-nin vitse-prezidenti Vensin Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə iki ölkə arasında təhlükəsizlik, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı institusional səviyyəyə qaldırır. Bu fonda Azərbaycanın Sülh Şurasında iştirakı və ABŞ Prezidenti Donald Tramp tərəfindən xüsusi fərqləndirilməsi prosesin məntiqi nəticəsi kimi görünür. Bütün bunlarla yanaşı, bəzi beyin mərkəzləri hesab edir ki, Sülh Şurasının perspektivləri yalnız Qəzza ilə məhdudlaşmır. Tramp administrasiyası bu platformanı perspektivdə qlobal böhranların idarə olunması üçün çevik mexanizmə çevirməyi planlaşdırır. Enerji təhlükəsizliyi, iqlim çağırışları, regional münaqişələr və humanitar böhranların şuranın gələcək gündəliyində əsas yer tutacağı gözlənilir. Azərbaycan özünün enerji resursları, Orta dəhliz üzərindən tranzit imkanları və multikultural idarəetmə modeli ilə bu platformaya real töhfə verə biləcək ölkələr sırasındadır".

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
25
musavat.com

1Источники