RU

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

Son illər uşaqlarda piylənmə və hərəkətsizlik problemi təkcə tibbi deyil, sosial və psixoloji məsələ kimi də aktuallaşıb. Artıq çəki uşağın xarici görünüşündən savayı onun gələcək sağlamlığına, özünəinamına və sosial münasibətlərinə təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 5-19 yaş arası uşaqların təxminən 20 faizi artıq çəki və ya piylənmə riski altındadır və bu göstərici hər il artmaqdadır.

Uşaqlarda artıq çəki bir neçə əsas səbəblə bağlıdır: az fiziki aktivlik, balanssız qidalanma, uzun smartfon və ya ekran vaxtı, nizamsız yuxu və emosional yemək davranışı. Xüsusilə şəkərli, qazlı içkilər, paketlənmiş qəlyanaltılar və yüksəkkalorili fast-food gündəlik menyuda artdıqca, risk də yüksəlir. Məsələn, bir 330 ml qazlı içkidə 30-35 qram şəkər olur ki, bu da təxminən 7-8 çay qaşığı şəkərə bərabərdir. Uşaq gün ərzində bir neçə belə məhsul qəbul etdikdə artıq enerji yığılır, lakin hərəkət az olduğu üçün bu enerji xərclənmir.

Piylənmənin tibbi riskləri ciddi ola bilər. Erkən yaşda insulin müqaviməti, 2-ci tip diabet riski, yüksək qan təzyiqi, oynaq problemləri və qaraciyər piylənməsini buna misal göstərmək olar. Piylənmənin psixoloji tərəfi də az əhəmiyyətli deyil. Artıqçəkili uşaqlar bəzən məktəbdə lağ obyektinə çevrilir, bu isə adətən özünəinamsızlıq və sosial təcrid yaradır.

Valideynlər burada əsas rol oynayırlar. Uşaq qida və həyat tərzini ailədən öyrənir. Əgər evdə qazlı içki, şirniyyat və qızardılmış qidalar süfrədən əskik olmursa, uşağın sağlam seçim etməsi çətinləşir. Odur ki, dəyişiklik ilk növbədə ailə mühitində başlamalıdır.

Valideynlər uşaqların ekran və ya telefon vaxtına diqqət etməlidirlər. Uşaqlar üçün gün ərzində 1-2 saatdan artıq əyləncə məqsədli ekran vaxtı tövsiyə edilmir. Uzun müddət oturaq qalmaq maddələr mübadiləsini zəiflədir və iştahanı artırır. Evdə "ekransız saat" qaydası tətbiq etmək faydalı ola bilər. Eyni zamanda gündəlik fiziki aktivliyə də xüsusi yer ayırmaq vacib məqamlardandır. Uşağın hər gün ən azı 60 dəqiqə aktiv hərəkətdə olması arzuolunandır. Bu, mütləq peşəkar idman demək deyil - sürətli gəzinti, velosiped, üzgüçülük, rəqs və ya açıq hava oyunları da kifayətdir. Əsas odur ki, hərəkət davamlı olsun.

Sağlam qida balansına nəzarət piylənmənin qarşısını ala bilən əsas şərtlərdən sayılır.  Şəkərli qazlı içkiləri su və ya təbii içkilərlə əvəz etmək, həftədə ən azı 2-3 dəfə tərəvəz yeməkləri hazırlamaq, şirniyyatı uşaqlara gündəlik deyil, həftəlik limitlə vermək, paketlənmiş qəlyanaltılardan imtina etmək bu işdə valideynlərə böyük kömək ola bilər. Bəzən problem qidanın növü deyil, miqdarı olur. Uşağa böyüklər üçün nəzərdə tutulan qədər yemək vermək artıq kalori deməkdir. Bunun qarşısını almaq üçün kiçik boşqabdan istifadə etmək praktik üsuldur. 

Düzgün qidalanma ilə bərabər, mütəxəssislər 6-12 yaşlı uşaqlar üçün 9-12 saat yuxu tövsiyə edirlər. Onların bildirdiyinə görə, yuxu azlığı iştahanı artıran hormonların aktivliyini yüksəldə bilər. Eyni zamanda uşaq darıxanda, stres keçirəndə və ya tək qalanda yeməyə yönəlirsə, bu, artıq emosional qidalanma davranışı deməkdir. Bu zaman valideynlər alternativ emosional dəstək yolları -  söhbət, birgə fəaliyyət, açıq hava gəzintisi və s. axtarmalıdırlar. 

Ən vacib məqamlardan biri də artıq çəkisi olan uşağı utandırmamaqdır. "Kökəlmisən", "az ye" kimi ifadələr artıq çəki almış uşağa əks-təsir göstərə, yəni  uşaq gizli yeməyə başlaya bilər. Dəyişiklik ailəvi qərar kimi təqdim olunmalıdır. Hətta bu işdə məktəblərin də üzərinə  müəyyən vəzifələr düşür. Məktəb bufetlərində sağlam seçimlərə üstünlük verilməsi, idman dərslərinin aktiv keçirilməsi və sağlam həyat tərzi mövzusunda maarifləndirmə proqramları vacibdir. Cəmiyyət səviyyəsində isə park və idman meydançalarının sayının artırılması uşaqların hərəkət imkanını genişləndirir.

Uşaqlarda piylənmə problemi qısamüddətli pəhrizlə həll olunmur. Bu həm də həyat tərzi və düşüncə dəyişikliyidir. Valideyn nümunə olduqda, ailədə balanslı qida və aktiv həyat tərzi formalaşdıqda nəticə daha effektli olur. Unudulmamalıdır ki, bu günün sağlam uşağı sabahın sağlam təməlidir.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Избранный
14
azerbaijan-news.az

1Источники