RU

İranın danışan dili: Əraqçinin həyat hekayəsi

Bütün müharibələr sülh masasında bitir. Hərb meydanında əldə olunan nəticə isə diplomatik cəbhədə vəziyyətə birbaşa diktə edir. Döyüşü uduzan tərəf heç vaxt danışıqlar masasında şərt irəli sürən və ya dominant ola bilməz. Ona görə də ən çətin missiyalardan biri cəbhədə uduzan tərəfi diplomatik masada təmsil edə bilməkdir. Bu, “diplomatiyanın generalı” olmağı qaçılmaz edən sərt reallıqdır.

İran isə o ölkələrdən deyil ki, xarici siyasətindən və ya diplomatiyasından çox asan baş açasan. Ona görə ki, İran  elə bir coğrafiyada və elə bir beynəlxalq siyasi arenada aktordur ki, onun baş diplomatı mürəkkəb geopolitik oyunların içərisində oyunçu olmağı bacarmalı, ya da buna məcburdur. Çünki İran regional siyasətlə məhdudlaşmır, dünyanın “böyük şahmat taxtası”nda ən odioz (mühüm) fiqurlardan biridir.

“Evdən işləməyən” 10-cu nazir

40 günü tamam olan son hərbi əməliyyatlar fonunda İran diplomatiyası hərb meydanından heç də az “qan-tər tökmür”. Və bu müharibənin diplomatik cəbhəsində baş obraz yorulmadan fəaliyyət göstərən, 44 günlük müharibəmiz dövründə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov kimi “evdən işləməyən” İranın baş diplomatı Abbas Əraqçidir.

Necə ki Vətən müharibəmizdə diplomatiyamızın “müharibə naziri” Ceyhun Bayramov idi, İranın da öz vətən savaşında analoji missiyanı yerinə yetirən “savaş diplomatı” Əraqçidir.

Abbas

Heç şübhəsiz son nəticəsindən asılı olmayaraq ağır yükü üstlənmiş, İsrailin “ölüm siyahısında” (hələ ki) adı olmayan iki nəfərdən biri - İranın hazırkı xarici işlər naziri Abbas Əraqçi tarixdə qalacaq. 

Özü də o Xarici İşlər Nazirliyi ki Əraqçidən qabaq neçə-neçə diplomatları “udub”. Yəni İran XİN-də uğurlu olmaq hər diplomatın işi deyil. Təsəvvür edin, hələ Məşrutə inqilabından (burjua inqilabı - E.S.) əvvəl İranın 15 xarici işlər naziri olub.

İnqilabdan sonra iki, Pəhləvilər dövründə isə 20 xarici işlər naziri bir-birini əvəzləyib. Nəhayət, 1979-cu il, İslam inqilabından sonra “diplomat molla”lar ölkənin xarici siyasətinə rəhbərlik edirlər. Bu siyahıda isə Mehdi Bazərgandan tutmuş hazırkı ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti, nüvə danışıqlarının “ustadı” Məhəmməd Cavad Zərifə qədər önəmli kadrlar ayrı-ayrı dövrlərdə vəzifələr tutublar. 1979-dan bəri XİN rəhbəri olmuş şəxslərin siyahısını uzada bilərik, lakin “Persona” rubrikasında bu dəfə İran İslam Respublikasının 10-cu xarici işlər naziri - Abbas Əraqçinin həyat hekayəsindən söz açacağıq...

SEPAH-a qoşulan və savaşa gedən Abbas

Abbas Əraqçi 1962-ci ildə Tehranda anadan olub. Onun üç qardaşı, üç bacısı var. Onun qardaşlarının əksəriyyəti ticarətlə məşğuldur. Atası da xalça taciri olub. Abbas 17 yaşında olanda atasını itirib. Özü isə gənc yaşlarında İslam İnqilabı Keşikçilərinə (SEPAH) qoşulub. Xidmət etdiyi dövrdə İran-İraq müharibəsində iştirak edib.

O, İran Xarici İşlər Nazirliyinin   beynəlxalq münasibətlər üzrə bakalavr, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir. Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb.

Əraqçi

O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb. Səfir olmazdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub. 2024-cü ildən isə ölkənin XİN başçısıdır.   Əraqçi Baharə Abdullahi ilə evli olub və ondan iki oğlu, bir qızı var. Lakin sonra cütlük boşanıb.  62 yaşlı nazir hazırda özündən yaşca kiçik Arzu Əhmədvəndlə evlidir ki, onların bir müddət əvvəl birgə görünməsi İran mediasında böyük ajiotaj yaratmışdı. Qeyd edək ki, Azərbaycana son səfərində Əraqçi  xanımı ilə Bibiheybət məscidini ziyarət  etmişdi.

Nazir ingilis və ərəb dillərini yüksək səviyyədə bilir. Əraqçi “XX əsr İslam Siyasi Düşüncəsində Siyasi İştirak Konsepsiyasının Təkamülü” (1996) adlı dissertasiyası ilə Kent Universitetində siyasi düşüncə üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 

Seyid

Xamenei niyə onu siyasətə qaytardı?

Müharibədən az əvvəl - bu ilin yanvarında media resurslarında Əraqçinin ailəsi ilə birlikdə Livana qaçdığı xəbərləri yayılmışdı. Lakin bu xəbərlər özünü doğrultmadı və XİN başçısı həm ABŞ-İsrail hücumlarından əvvəl, həm də indi danışıqlarda iştirak edən əsas şəxsdir. 2017-2021-ci illərdə Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə rəis müavini vəzifəsində çalışıb. 2021-ci ilin avqustunda sabiq prezident İbrahim Rəisinin andiçmə mərasimindən sonra Abbas Əraqçi xarici işlər nazirinin müavini və baş nüvə danışıqlarçısı vəzifəsini Əli Baqiriyə verib. Dövlət mediası Əraqçinin nazir məsləhətçi vəzifəsinə endirildiyini bildirib. Analitiklər bu addımı İranın nüvə siyasətində daha sərt yanaşmaya doğru keçidin əlaməti kimi şərh ediblər.

Xarici İşlər Nazirliyindən getdikdən sonra Əraqçi bir müddət ictimai həyatdan uzaqlaşıb. Daha sonra son hücumlarda öldürülən ali dini lider  Əli Xamenei tərəfindən Ali Rəhbərlik Aparatının məsləhətçi orqanı olan Strateji Xarici İşlər İdarəsinin katibi vəzifəsinə təyin edilib.  Müşahidəçilər tərəfindən gözlənilməz hesab edilən bu təyinat Əraqçinin İranın xarici siyasətdəki təsirini bərpa edib və onu Xameneinin yaxın çevrəsinə yaxınlaşdırıb. Əgər belə bir qərar olmasaydı, Əraqçi indi ikinci həyat yoldaşı ilə sakit ömrünü yaşamağa davam edəcək, bu qaynayan və qanayan siyasətin içərisinə düşməyəcəkdi...

Daha əvvələ getsək, onun əsl yüksəlişi sabiq prezident Mahmud Əhmədinejadın dövründə İranın nüvə danışıqlarına qarışdığı zaman başlayıb. Başlanğıcda Əraqçi o vaxt nüvə danışıqlarına rəhbərlik edən, hazırkı müharibənin gedişində öldürülən sabiq Təhlükəsizlik Şurası katibi Əli Laricaninin yanında köməkçi rolda çalışıb. Lakin Laricaninin səlahiyyət müddəti qısa olub, çünki onun danışıqlara yanaşması Əhmədinejadın sərt mövqeyi ilə ziddiyyət təşkil edib. Əraqçi bu fürsətdən istifadə edərək Laricanini o zaman baş müzakirəçi kimi əvəz edən Səid Cəlili ilə birləşərək özünü hakimiyyətə yaxınlaşdırıb.

Yeri gəlmişkən, 2025-ci ilin yanvarında Əraqçi 2017-ci ildən bəri Əfqanıstana səfər edən ilk İran xarici işlər naziri və 2021-ci ildə Talibanın hakimiyyətə gəlməsindən sonra ilk xarici işlər naziri olub. 2025-ci ilin aprel və may aylarında Ərakçi ABŞ-la İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edib.

Arakçi:

Əraqçi Trampın hədəfidirmi...

Bu gün Qərb mediası onu nüvə danışıqlarında Zərifin davamçısı kimi təqdim edir. Britaniya mətbuatı yazır ki, ABŞ və İsrail qüvvələri İranın ən yüksək səviyyəli siyasi liderlərindən bəzilərini hədəf alsa da, Əraqçinin müharibə zamanı tez-tez ictimaiyyət qarşısında çıxış etməsinə baxmayaraq, o, ilk hədəflər arasında deyil. Bir çox müşahidəçilər naziri döyüşən tərəflər arasında potensial əsas həmsöhbət kimi dəyərləndirir. Hətta qeyd olunur ki, 2024-cü ildə prezidentlik kampaniyasında sanksiyaların aradan qaldırılması üçün Qərblə yeni razılaşma əldə etməyə üstünlük verən Məsud Pezeşkian Əraqçini məhz buna görə xarici işlər naziri təyin etdi.

Həm Pezeşkianın seçilməsi, həm də Əraqçinin təyinatı Qərblə əlaqənin rejim üçün siyasət prioriteti oluğuna işarə etsə də, İsrail-HƏMAS müharibəsindən qaynaqlanan bölgədəki münaqişə Pezeşkianın prezidentliyi dövründə İranın xarici siyasətinin böyük hissəsini zəbt etdi. “Hizbullah” rəhbərliyinin qətli və İranın mühüm müttəfiqi olan Suriyada Bəşər Əsədin devrilməsi ilə onun regional əhatə dairəsi daha da azaldı. 2024-cü ilin oktyabrında və daha sonra 2025-ci ilin iyununda 12 günlük müharibədə İsraillə birbaşa qarşıdurma isə İranın bəzi zəifliklərini üzə çıxardı və onun hava hücumundan müdafiə və raket sistemlərini azaltdı.

Bu hadisələr İsrail və ABŞ-nin İranın hərbi infrastrukturuna və yüksək rütbəli rəhbərliyinə qarşı genişmiqyaslı əməliyyat başlatdığı 2026-cı il hücumuna stimul oldu. Ciddi və prinsipial olan, Qərbdə hörmət qazanan Əraqçi isə münaqişə zamanı ABŞ ilə müqavilə bağlamaq və əldə ediləcək güzəştləri İranın kök salmış sərt xətt tərəfdarlarına satmaq potensialına malik idi. Di gəl ki...

Di gəl ki, davam edən hərbi əməliyyatlar Pezeşkian-Əraqçi xəttinin Qərblə yumşalma fürsətlərini əldən verməkdədir. Azərbaycanla da münasibətləri normal saxlamaqda maraqlı görünən hər iki şəxsin qarşısında indi son missiya var - necə olursa-olsun, müharibəni tezliklə atəşkəsə çevirmək və masaya əli güclü şəkildə oturmaq...

Emil SALAMOĞLU,
"Yeni Müsavat"

Избранный
18
48
musavat.com

10Источники