RU

Elbek Xocaniyazov: Azərbaycan inkişaf etmiş rəqəmsal infrastruktura və yüksək texnoloji sektora malikdir

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan və Özbəkistan yüzlərlə kilometr məsafə ilə ayrılan, lakin ortaq tarix, mədəni irs və turizmi iqtisadi və beynəlxalq inkişafın hərəkətverici qüvvələri kimi görən strateji baxışla birləşən iki ölkədir. Son illərdə hər iki ölkə turizm axınlarını diversifikasiya etməyin yollarını fəal şəkildə axtarır, təkcə paytaxtların deyil, həm də zəngin tarixə və unikal təbii landşaftlara malik regionların cəlbediciliyini artırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Xorəzm regionunda həyata keçirdiyi genişmiqyaslı regional turizmin inkişafı layihəsinin təcrübəsi, eləcə də Azərbaycanda həyata keçirilən oxşar təşəbbüslər göstərir ki, turizm axınının artımı kompleks yanaşma olmadan mümkün deyil. İnfrastrukturun inteqrasiyası, mədəni irsin qorunması, yerli icmaların cəlb olunması və vahid turizm narrativinin formalaşdırılması bu prosesdə bir-biri ilə sinerji yaradır.

AZƏRTAC-ın suallarını Özbəkistanın Xorəzm regionu üzrə turizmin diversifikasiyası üzrə mütəxəssis (UNWTO/AYİB), regional turizm üzrə tanınmış ekspert Elbek Xocaniyazov cavablandırır.

— Azərbaycan və Özbəkistan turizmin diversifikasiyası sahəsində təcrübə mübadiləsini hansı şəkildə həyata keçirə bilər?

— Xorəzm və Azərbaycanın regional çağırışlarının müqayisəsi tam aydın mənzərə yaradır. Xorəzm regionunda AYİB layihəsinə başlanılan zaman bölgə zəngin resurslara malik idi, yəni, təxminən 300 tarixi abidə, UNESCO siyahısına daxil edilmiş Xivə, müxtəlif təbii landşaftlar. Lakin turizm aktivliyi əsasən Səmərqənd və Buxarada cəmləşmişdi. Azərbaycanda da vəziyyət müəyyən mənada oxşardır, belə ki, turizm fəaliyyəti Bakıda daha çox cəmlənib.

Xorəzm təcrübəsi və Azərbaycandakı praktikalar göstərir ki, regional turizm yalnız hotellərin tikintisi ilə deyil, kompleks yanaşma ilə də inkişaf edir. İnfrastrukturun inteqrasiyası, mədəni irsin qorunması, yerli əhalinin cəlb edilməsi və vahid turizm narrativinin yaradılması birgə şəkildə işləyir. Bu yanaşma Azərbaycanın Şəki və Gəncədən tutmuş Qarabağ ərazilərinədək regionlarında turizm istiqamətlərinin inkişafı üçün tətbiq oluna bilər.

— Rəqəmsallaşma və ağıllı texnologiyalar Azərbaycanda dayanıqlı turizmin inkişafına və turist təcrübəsinin yaxşılaşdırılmasına necə kömək edə bilər?

— Azərbaycan layihənin həyata keçirildiyi dövrdə Özbəkistanla müqayisədə daha inkişaf etmiş rəqəmsal infrastruktura və yüksək texnoloji sektora malikdir. Yeni dövlət planı turizm üzrə informasiya sisteminin yaradılmasını nəzərdə tutur və bu, mühüm ilk addımdır. Lakin daha irəli getmək lazımdır.

Turizm istiqamətlərinin ağıllı idarə olunması real vaxt rejimində məlumatlardan istifadə etməklə turist axınlarının sıx bölgələrdən daha az ziyarət olunan ərazilərə yönəldilməsini nəzərdə tutur. Bu, həmçinin yerli bizneslərə kadr və ehtiyatların planlaşdırmasında kömək edən proqnozlaşdırıcı analitikadır. Eyni zamanda, süni intellekt əsaslı fərdiləşdirmə turistlərə onların özlərinin kəşf etməyəcəyi məkanları təklif edir.

Dayanıqlılıq məsələsi də az əhəmiyyətli deyil. Rəqəmsal alətlər təbii ərazilərdə ətraf mühitə təsiri izləməyə, ekoloji cəhətdən həssas zonalarda ziyarətçi sayını tənzimləməyə və turizmin inkişafı ilə irsin qorunması arasında balans yaratmağa imkan verir.

— Xorəzm və Azərbaycanda turizmin diversifikasiyası sahəsində hansı yanaşmalar birgə turizm istiqamətlərinin inkişafı üçün faydalı ola bilər?

— Hər iki təcrübə oxşar strategiyanı göstərir, belə ki, uğurlu turizm mərkəzləri ətraflarında güclü regional istiqamətlər formalaşdıqda daha çox qazanc əldə edir. Xivədə turistlər şəhərlə yanaşı kənd qonaq evlərini, ənənəvi emalatxanaları və tarixi qalaları ziyarət edirdilər ki, bu da onların qalma müddətini və xərclərini artırırdı. Eyni şəkildə, Bakı turistləri müxtəlif regional marşrutlara yönəldən mərkəz rolunu oynaya bilər.

Gəncə, Şəki və ya Lənkəran kimi ikinci səviyyəli şəhərlər üçün hər iki regionun təcrübəsi yerli turizm idarəçiliyinin inkişafının vacibliyini göstərir. Texniki ekspertiza və inkişaf strategiyaları region səviyyəsində tətbiq edildikdə daha effektiv olur.

— Regional turizmə investisiyaların yatırılması Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə necə təsir göstərə bilər?

— Turizm investisiyalarına çox vaxt dar çərçivədə baxılır, guya bu, yalnız turistlərin və ya oteldə yerlərin sayı ilə bağlıdır. Halbuki təsir dairəsi daha genişdir və ölkənin beynəlxalq arenada necə qəbul olunması ilə bağlıdır.

AYİB-in Xorəzmə yatırımları ölkə haqqında beynəlxalq təsəvvürün dəyişməsinə səbəb oldu. Özbəkistan layihənin ilk pilot ölkəsi seçildi, çünki onun mədəni və tarixi irsi qlobal turizm bazarında real rəqabət üstünlüyü yaradırdı. Nüfuzlu beynəlxalq institutun uzunmüddətli layihəsi ölkənin açıq, etibarlı və iddialı olduğunu göstərdi.

Azərbaycan da oxşar mərhələdədir. Daha böyük iqtisadiyyata və inkişaf etmiş infrastruktura baxmayaraq, turizmdən gələn gəlirlər potensialdan xeyli aşağıdır. Problem resurslarda deyil, bu resurslar haqqında formalaşdırılan hekayədədir, xüsusilə Bakıdan kənarda.

Azərbaycan regional turizmə, məsələn, Şəkidə qonaq evlərinin bərpasına, Qarabağda piyada marşrutlarının inkişafına, Şirvanın ətəklərində şərab marşrutlarının sertifikatlaşdırılmasına investisiya yatırdıqda hər bir addım dünyaya mesaj verir ki, bu, öz kimliyinə güvənən və gələcəyə iddialı baxan ölkədir.

— Azərbaycan və Özbəkistan arasında birgə turizm layihələri üçün hansı perspektiv istiqamətləri görürsünüz?

— Açığını desəm, bu, regionda ən az qiymətləndirilən istiqamətlərdən biridir və məni həqiqətən ilhamlandırır. Hər iki ölkə ortaq türk irsini, İpək Yolunun tarixi trayektoriyasını və eyni tip turistləri, yəni, Avropa, Yaponiya və Şimali Amerikadan gələn, dərinlik və autentiklik axtaran səyyahları cəlb etmək marağını bölüşür.

Hazırda belə turistlər ya bir ölkəni, ya da digərini seçir. Halbuki onların hər ikisini eyni marşrut çərçivəsində seçməsinə heç bir maneə yoxdur.

İrsdən əlavə, sənətkarlıq və qastronomiya sahəsində böyük potensial görürəm. Hər iki ölkədə ipəkçilik, keramika, miniatür sənəti, plov mədəniyyəti, şərabçılıq kimi zəngin ənənələr mövcuddur. Birgə festivallar, ustad mübadiləsi proqramları və ortaq brend altında kulinariya turizm məhsulları hər iki ölkəyə beynəlxalq tanınma qazandıra bilər.

Müəllif: Tamilla Məmmədova

Избранный
28
1
azertag.az

2Источники