RU

Qazaxıstan nümayəndə heyəti AZƏRTAC ilə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu bildirib VİDEO

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Bakıda səfərdə olan Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əlinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

Nümayəndə heyətinin tərkibinə Qazaxıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev və Qazaxıstanın Azərbaycandakı səfirliyinin attaşesi Temirlan Baxıtjan daxil idi.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə keçirilən görüşdə media sahəsində əməkdaşlığın cari vəziyyəti, informasiya qarşılıqlı fəaliyyətinin genişləndirilməsi məsələləri, həmçinin birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Qazaxıstan mediası, xüsusilə “Kazinform” agentliyi ilə AZƏRTAC arasında dayanıqlı informasiya mübadiləsinin və beynəlxalq media platformaları çərçivəsində qarşılıqlı fəaliyyətin uğurla davam etdiyini vurğulayan Vüqar Əliyev deyib: “Biz birgə real layihələr vasitəsilə əməkdaşlığın inkişafına və fəal xəbər mübadiləsinə böyük əhəmiyyət veririk. Məqsədimiz ölkələrimiz haqqında dəqiq və operativ informasiya təqdim etməkdir”.

Ölkələrimizin liderləri İlham Əliyevin və Kasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Vüqar Əliyev bildirib ki, dövlətlərimizin strateji tərəfdaşlığı və müttəfiqlik münasibətləri fəal inkişaf edir, qardaşlıq əlaqələrini, ortaq türk dəyərlərini və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirir.

AZƏRTAC-ın rəhbəri hazırda sosial şəbəkələrin həm informasiyanın yayılmasına kömək etdiyini, həm də tez-tez feyk xəbərlərin mənbəyinə çevrildiyini qeyd edərək deyib: “Bu gün informasiya agentlikləri feyk xəbərlərlə fəal mübarizə aparır. Faktların yoxlanılması onların işinin ayrılmaz hissəsinə çevrilib. Süni intellekt və yoxlama texnologiyalarından feyk xəbərlərin aşkar edilməsində geniş istifadə olunur. Hazırda media sahəsində süni intellektin fəal tətbiqi mərhələsi başlayıb. Süni intellekt informasiya və jurnalistika sahələrinə həm kömək edir, həm də çətinliklər yaradır. AZƏRTAC öz fəaliyyətində yeni süni intellekt texnologiyalarını tətbiq edir”.

Şuşa Qlobal Media Forumunun əhəmiyyəti barədə qonaqlara məlumat verən Vüqar Əliyev qeyd edib ki, bu forum artıq təcrübə mübadiləsi və əməkdaşlıq üçün ənənəvi beynəlxalq platformaya çevrilib. Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrin media qurumları arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və yeni müqavilələrin bağlanmasını təşviq edir.

Xarici medianın AZƏRTAC ilə əməkdaşlıqda maraqlı olduğu da xüsusi qeyd edilib.

Görüş zamanı qonaqlara agentliyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, AZƏRTAC-ın xarici ölkələrdə 22 müxbir məntəqəsi var və agentlik səkkiz dildə xəbərlər hazırlayaraq öz kanalları ilə yayır.

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli isə Azərbaycanda medianın yüksək inkişaf səviyyəsini vurğulayaraq, iki ölkənin jurnalist birlikləri arasında peşəkar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

“Ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Coğrafi məsafəyə baxmayaraq, bizi ortaq dəyərlər və sıx humanitar əlaqələr birləşdirir. Bu cür səfərlər təcrübə mübadiləsinə və daha yaxşı qarşılıqlı anlaşmaya kömək edir”, - deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, bu gün insan kapitalının inkişafına, o cümlədən gənc media mütəxəssislərinin dəstəklənməsinə xüsusi diqqət yetirilməlidir. O əlavə edib: “Təcrübə mübadiləsi və gənclərin potensialının inkişaf etdirilməsi əməkdaşlığımızın əsasını təşkil edir. Birgə təşəbbüsləri irəli aparmaq üçün peşəkar jurnalist birliyinin və gənc mütəxəssislərin səylərini birləşdirmək vacibdir”.

Rüstəm Əli qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə süni intellekt sahəsinin inkişafına və tətbiqinə xüsusi diqqət yetirir. “Ümidvarıq ki, bu ilin sonuna qədər Qazaxıstanda süni intellekt sahəsinin tətbiqində nəzərəçarpacaq nəticələr görəcəyik”, - deyə o vurğulayıb.

Söhbət əsnasında tərəflər jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili və birgə media layihələrinin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

Görüşdən sonra qonaqlar redaksiyaların fəaliyyəti ilə tanış olub, xəbərlərin və multimedia materiallarının hazırlanması prosesini izləyiblər.

Müxbir – Pərvanə Qafarova

Fotoqraf – Tofiq Babayev

Videooperator – Vüsal Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
azertag.az

1Источники