RU

Atəşkəs olmayacaq: Sülhü pozan iki ŞƏRT

İran ABŞ və İsraillə müharibəyə son qoymaq üçün 10 bəndlik təklif təqdim edib. 

“Cebheinfo.az”-ın “The New York Times” qəzetinə istinadən məlumatına görə, plan danışıqlarda vasitəçilik edən Pakistan vasitəsilə çatdırılıb. Təklifin bütün 10 bəndi məlum deyil, lakin iki yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, rəsmi Tehran tələb edir: 

Bir daha hücuma məruz qalmayacağına dair zəmanət, bütün sanksiyaların ləğvi, İsrailin Livanda “Hizbullah”-a qarşı hücumlarına son qoyulması. Əvəzində İran Hörmüz boğazının blokadasına son qoyacaq və hər gəmiyə 2 milyon dollar vergi tətbiq edəcək ki, bunu da qarşı sahildə yerləşən Omanla bölüşəcək. 

Plana görə, İran əldə etdiyi gəlirdən öz payını ABŞ və İsrail hücumları nəticəsində zədələnmiş infrastrukturun bərpasına sərf edəcək. Bu yanaşma birbaşa kompensasiya tələb etmək əvəzinə təklif olunur. 

İran dövlət mediası yazır ki, ölkələrinin təklifinin mətni atəşkəs rejimini rədd edir və İranın istəklərinə uyğun olaraq müharibəyə qəti son qoyulmasına ehtiyac olduğunu vurğulayır. 

“Reuters”in məlumatına görə, bu sənəd dərhal atəşkəs elan edilməsini və ardınca hərtərəfli sülh sazişinin bağlanmasını nəzərdə tutur. Adıçəkilən media resursu rəsmi mənbələrə istinadən qeyd edir ki, ilkin razılaşma anlaşma memorandumu şəklində rəsmiləşdirilməlidir və bu, danışıqlarda yeganə ünsiyyət kanalı olan Pakistan vasitəsilə elektron şəkildə imzalanacaq. 

Əslində, Prezident Tramp razılaşma dedikdə, rəsmi Tehranın kapitulyasiyaya imza atmasını nəzərdə tutur. Ona görə də münaqişə tərəfləri atəşkəs barədə razılaşma əldə etməyə hazır görünmür. Ağ Evin rəhbəri 48 saatlıq müddəti uzatmaq istəyində deyil. 

İranın Misirdəki səfiri Müctəba Ferdusi Pur isə rəsmi Tehranın ilkin şərtini açıqlayıb. Diplomat bildirib ki, İran yalnız bir daha hücuma məruz qalmayacağına dair zəmanət veriləcəyi təqdirdə, müharibənin bitməsinə razılaşacaq. 

Göründüyü kimi, ABŞ və İran ilk növbədə, atəşkəs məsələsində anlaşa bilmir. Bu isə müharibənin davam edəcəyinə dair proznoqların üstünlük təşkil etməsinə səbəb olub. Üstəlik, Pakistanın Çinlə strateji yaxınlığa malik olduğunu nəzərə alsaq, İslamad platforması daha çox Pekinin maraqlarına cavab verir. 

Yəni Pakistan və İran Çinə daha yaxın dövlətlər olduğundan İslamabad masasında ABŞ-nin təkliflər paketi yer almayıb. İslamabad platformasında şərtlər irəli sürən tərəf kimi İran çıxış edir. Bu təkliflər isə Çinin müharibənin həllinə dair maraqlarını ifadə edir. 

ABŞ-nin Türkiyə vasitəsilə yeni danışıqlar formatı yaratmaq cəhdi də məhz Çin amilinə bağlı İslamabad platformasından imtina etməsi kimi başa düşülə bilər. Türkiyə NATO-nun üzvü olmaqla yanaşı, ABŞ-nin strateji müttəfiqi kimi Yaxın Şərqdəki proseslərə təsir etmək gücünə malikdir. 

Ərəb ölkələrinin İranla münasibətləri düşmənçilik müstəvisinə keçib. Yeganə balanslı mövqeyini saxlayan böyük dövlət Türkiyədir. ABŞ-nin Ankaradakı səfiri Tomas Barrakın Türkiyənin xarici işlər naziri ilə görüşməsi və bundan dərhal sonra Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı Tramp adminstrasiyası ilə Tehran arasında gizli danışıqların aparıldığından xəbər verilir. 

Yəni ABŞ Ankara platforması vasitəsilə öz təkliflərini İrana çatdırmağa çalışır. Vaşinqtonun bu səyləri Donald Trampın müharibəni yekunlaşdırmaq niyyətindən xəbər verir. Lakin ABŞ bir sıra əsas şərtlərinin qəbul edildiyi razılaşmaya nail olmaq istəyir. 

Bu, Trampa Amerika cəmiyyətində reytinqini qaldırmaq və Konqresə keçiriləcək seçkilərdə məğlubiyyətdən xilas olmaq üçün qalib görüntüsü yaratmaq üçün lazımdır. Çox güman ki, müzakirələr zamanı rəsmi Ankara neytrallığını qoruyub saxlamağa və İranın da müəyyən şərtlərinin qəbul edilməsi üçün daha çox kompromisə nail olunmağa çalışacaq. Bu baxımdan, Türkiyənin barışdırıcı tərəf kimi prosesə qoşulması yeni diplomatik imkanlar aça bilər. Ammaq sülhə mane olacaq iki ciddi amil hələ də qalır. 

Bunlardan birincisi, İsrailin mövqeyi ilə bağlıdır. Netanyahu administrasiyası hərbi əməliyyatların dayanmasında maraqlı görünmür və ABŞ ilə İran arasında əldə olunacaq istənilən razılaşmanı poza bilər. 

Eyni zamanda, İsrailin Türkiyə ilə münasibətləri kifayət qədər gərgindir. Ona görə də rəsmi Təl-Əvivin Ankara platformasında gedən müzakirələri tanımaqdan imtina edəcəyi istisna olunmur. Böyük ehtimalla, Türkiyə sülhə nail olmaq üçün İsrailin hücumları dayandırmasını əsas təkliflərdən biri kimi ya irəli sürəcək, ya da İranın bu barədə şərtini ABŞ-yə təqdim edəcək. 

Lakin Benyamin Netanyahunun Donald Trampın çağırışlarına əməl edəcəyi inandırıcı görünmür. Digər tərəfdən, hazırda sülh və ya atəşkəs razılaşması imzalansa belə, baş verən müharibə İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri öncəsi Netanyahunun siyasi reytinqini xeyli artırıb. 

Ona görə də Netanyahunun liderlik etdiyi ultrasağçıların qalib gəlmək şansı yüksək hesab edilir. Əgər Netanyahu yenidən baş nazir seçilərsə, İrana qarşı müharibə yenidən başlana bilər. 

Sülh razılaşmasını pozacaq ikincü mühüm amil İran İslam İnqilabı Keçikçiləri Korpusudur. Hakimiyyətə nəzarəti de-fakto ələ keçirmiş SEPAH generallarının müharibənin dayandırılması ilə bağlı mövqeyi diplomatik korpusdan və hökumətdən fərlənir. 

SEPAH ABŞ-ni və İsraili məğlub edəcəyinə inandığı üçün döyüşməyin, eləcə də qisas almağın tərəfdarıdır. İranın briqada generalı Məhəmməd Əkrəminiyə ABŞ-İsrail təcavüzünə qarşı cavab tədbirlərinin düşmən həqiqi peşmançılıq yaşayana qədər davam edəcəyini deyib. 

O qeyd edib ki, belə bir nəticə strateji zərurətdir. “Müqavimətin əsas məqsədi düşməndə peşmançılıq hissi oyatmaqdır”,-deyə Əkrəminiyə bəyan edib. Onun sözlərinə görə, müharibənin yenidən başlamasının qarşısını almaq üçün düşməni belə bir vəziyyətə gətirmək lazımdır. 

“Əgər bu məqsədə nail olunarsa, çəkindirmə səviyyəsi o qədər artacaq ki, düşmən artıq ölkəyə qarşı heç bir tədbir görməyə cəsarət etməyəcək”,-deyə İran generalı əlavə edib. Hərbi elitanın müharibəni davam etdirmək istəyi hakimiyyətin siyasi qanadının aparmaq istədiyi danışıqlar prosesinə zərbə vura bilər. 

İranın 45 günlük atəşkəsi rədd etməsi barədə məlumatlar bu razılaşmanın baş tutmayacağını təsdiq edir. Digər tərəfdən, İslam İnqilabı Keçikçiləri Korpusunun Türkiyənin vasitəçiliyini qəbul edəcəyi sual altındadır. 

Bu məsələdə fikir ayrılığı hələ fevral ayının əvvəlində Türkiyədə aparılmalı olan danışıqlardan imtina olunmasında özünü göstərib. Xatırladaq ki, həmin vaxt İran tərəfi danışıqların qəfildən Türkiyədən Omana keçirilməsini təklif etmişdi. Ona görə də Türkiyənin vasitəçilyinin SEPAH tərəfindən müsbət qarşılanacağını dəqiq demək olmaz. 

Избранный
40
50
cebheinfo.az

10Источники