“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə “Liv Bona Dea Hospital” arasında yaranmış qalmaqal məhkəmədə davam edir.
Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda məsələ ilə bağlı bəzi məqamlar aydınlaşıb.
N.Köçərlinin sözlərinə görə, məhkəmə zamanı “Bona Dea”nın “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiqləyən heç bir sənəd təqdim olunmayıb. O bildirib ki, əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənib müraciət edib.
Onun iddiasına görə, əgər əvvəlcədən bu tibb müəssisəsinin “Liv Hospital” şəbəkəsinə bağlı olmadığını bilsəydi, həmin xəstəxananı seçməzdi. Bu məsələ tərəflər arasında mübahisənin daha səbəbi olur. Növbəti iclas mayın 5-də olacaq.
Məsələ ilə bağlı “Cebheinfo.az” –a "Liv Bona Dea Hospital”dan bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir:
“Uzun müddətdir ki, Nigar Köçərli tərəfindən xəstəxanamızın işgüzar nüfuzuna xələl gətirə biləcək məzmunlar paylaşılmaqdadır. Bildirmək istəyirik ki, xəstəxanamız haqqında yayılan bu məlumatlar rəsmi mənbələrə əsaslanmır, yoxlanılmamışdır və həqiqəti əks etdirmir.
Qeyd olunan paylaşımlar ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa səbəb ola bilər və obyektiv informasiya prinsipləri ilə uzlaşmır”.
Qeyd edilib ki, “Liv Bona Dea” xəstəxanasının və “Liv” markasının fəaliyyəti tam şəkildə mövcud qanunvericiliyə uyğun həyata keçirilir:
“Müvafiq hüquqi sənədlər qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuş və hazırda qüvvədədir. İctimaiyyəti yalnız rəsmi və təsdiqlənmiş məlumatlara istinad etməyə çağırırıq”.