RU

Əməkdar artistin statusdan başlayan əxlaq mübahisəsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist, xanəndə Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrdə, xüsusilə WhatsApp statuslarında foto paylaşmasını doğru hesab etmədiyini bildirib. “Baxırsan hicablı xanımdır, amma statusda şəkillərini gah belə, gah elə paylaşıb. Ola bilər ki, kiminsə yoldaşı telefonu alıb statuslara baxanda həmin şəkli görsün. Sənin şəklini niyə orda görməlidir?”, – deyə sənətçi qeyd edib.

Elnarə xanım bu sözləri danışmaq üçün görəsən nə qədər düşünüb? Bu insanların şəxsi işidir. Biz hansı dövrdə yaşayırıq? Bütün sosial şəbəkələr şəkil qaynayır. Dərdimiz budurmu? Şəkil paylaşmaq insanın şəxsiyyətinə zidd deyil, paylaşmamaq da insanın öz seçimidir. Şəkil şəxsi ifadə vasitəsidir. Ancaq sonra Elnarə Abdullayeva verilişdə digər qonaq olan müğənni Vasif Məhərrəmliyə əzilib-büzülərək geyimini göstərir. Danışığı ilə hərəkəti üst-üstə düşmür. Qeyri-səmimiliyi elə burdan görünür. Əgər qadının görünüşünün başqaları tərəfindən qiymətləndirilməsi bu qədər problemli idisə, bəs bu davranışı necə izah etmək olar?

Vasif Məhərrəmli: “Bax belə koftalar geyin, tam fərqlidir. Bunu tam ciddi deyirəm, kompliment etmirəm, o biri geyimlərindənsə bu yaxşıdır. Bugünkü paltarın, bugünkü görünüşün”...

- “Hoşuna gitti mi abi”,- deyə Elnarə xanım soruşur.

- “Çox xoşuma gəldi”.

Bəs Elnarə xanım, yoldaşınız, ekranda sizi başqa kişinin təriflədiyini gördükdə və eləcə də, ekrana baxan digər kişilərə qısqanmır? Sizin düşüncənizə görə qısqanmalıdır axı...

Müğənninin verilişdəki çıxışı haqqında psixoloq Günay Baxşəliyeva öz hesabında onu tənqid edib. Buna cavab olaraq Elnarə Abdullayeva psixoloqun onun şərəf və ləyaqətinə toxunduğunu bildirərək hüquq-mühafizə orqanlarına şikayət edib: “Haqqımda yazıb ki, "əxlaq maskası altında gizlənən nəzarət ehtiyacı". Kimsən sən, məni niyə müzakirə edirsən? Camaata məni söydürüb. 50 ilin sənətkarıyam. Biz qanuni bir dövlətdə yaşayırıq. Bu millətin görünən simasıyıq, danışan diliyik, mədəniyyətini göstərən insanlarıq. Bütün pisliklər sosial şəbəkə üzərindən qaynaqlanıb. İnsanlar bilmədən bir-birlərinə şəkillər göndəriblər. Buna görə nə qədər evlər dağılıb. Mən Azərbaycanın qeyrət simvoluyam. Belə adamlar cəzalanmalıdır”.

Hər halda düşünürəm ki, bu yazıma görə Elnarə Abdullayeva məni məhkəməyə verməz. Mən də bir jurnalist kimi sadəcə öz fikrimi bildirirəm.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
bizimyol.info

1Источники