RU

Qadınlar üçün “Zərif iş gücü” layihəsinə start verilib

Dövlət Məşğulluq Agentliyi tərəfindən “Zərif iş gücü” adlı yeni layihənin icrasına başlanılıb. Layihənin əsas məqsədi əmək bazarında qadınların iştirakını artırmaq, onların məşğulluq imkanlarını genişləndirmək və sosial rifahını yaxşılaşdırmaqdır.
Məlumata görə, layihə çərçivəsində iştirakçılar üçün peşə hazırlığı kursları, müxtəlif təlim proqramları və fərdi inkişaf imkanları yaradılacaq.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı Yeniazerbaycan.com-a bildirib ki, təşəbbüs qadınların əmək bazarına inteqrasiyasını gücləndirmək və onların dayanıqlı məşğulluğunu təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, xüsusilə həssas sosial qruplara aid və əmək bazarından uzun müddət kənarda qalan qadınların iqtisadi müstəqilliyinin artırılması və peşə bacarıqlarının inkişafı layihənin əsas prioritetlərindəndir: "Layihə çərçivəsində işəgötürənlərlə əməkdaşlıq genişləndiriləcək, qadınların uyğun vakansiyalarla təmin olunmasına dəstək veriləcək. Təşəbbüs, eyni zamanda regionlarda yaşayan qadınların məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Layihədə əsas diqqət şəhid ailə üzvləri, tək valideynlər, sosial məzuniyyətdən qayıdan və iş tapmaqda çətinlik çəkən qadınlara yönəldilib. İştirakçılarla keçiriləcək müsahibələr zamanı onların ehtiyacları müəyyən olunacaq və uyğun peşə təlimlərinə cəlb ediləcəklər". 

Qeyd edək ki, layihəyə qoşulmaq istəyən şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi saytının “Elanlar” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Havar Şəfiyeva

Избранный
35
1
yeniazerbaycan.com

2Источники