RU

Nüvə silahı işə düşəcək?

Son zamanlar Rusiyada Ukraynada taktiki nüvə silahından istifadəyə dair çağırışlar artıb. 

Kremlə yaxın siyasi ekspertlər və media nümayəndələri arasında bu çağırışlar daha çox müşahidə olunur. Qeyd edək ki, milyarder, media maqnatı, Kremlə yaxınlığı ilə seçilən ideoloq Konstantin Malafoyev yerli medialardan birinə müsahibəsində Ukraynada nüvə silahından istifadənin vacibliyini vurğulayıb. 

O, Ukraynada Xirosima ssenarisinin tətbiqinə çağırıb. “ABŞ Yaponiya ilə dörd il savaşdı və inanılmaz itkilər verdi. Bu itkiləri sıfırlayacaq bir bombadan istifadə qərarı verdi. Əgər itkiləri azaldacaqsa və sürətli qələbəni təmin edəcəksə niyə də yox bu ssenariyə əl atmayaq. 

Mən düşünürəm ki, müharibəni bitirmək zamanıdır. Ukraynalı mülki şəxslərə 72 saat ərzində yaşayış yerlərini tərk etmələri barədə xəbərdarlıq edirik və Qərbi Ukraynaya taktiki nüvə zərbəsi endiririk. Bunu küləklərin Avropa tərəfə olduğu zaman edirik. Qorxmayaq bunu edək, bu sürətli qələbəni təmin edəcək". 

Siyasi məsələlər üzrə ekspert, Kremlin keçmiş məsləhətçisi Sergey Karaqanov həmkarı ilə eyni fikirləri bölüşüb. Karaqanov da Ukraynanın ən ağır şəkildə bombalanmasının vacib olduğunu bildirib. "Tarix qalibləri mühakimə etmir. 

Qələbə üçün isə siyasi iradə şərtdir. Rusiya əvvəlcə heç bir diplomatik təzyiqi nəzərə almadan Ukraynanı ən ağır şəkildə bombardman etməlidir. Bunlar nəticə verməsə, Qərbi Ukraynaya taktiki nüvə zərbəsi endirmək şərtdir". 

Malafoyev və Karaqanovla yanaşı, digər rusiyalı siyasətçilər də Ukraynada nüvə silahından istifadə edilməsinə, xüsusilə Ukraynada bütün strateji obyektlərin - elektrik stansiyalarının və su anbarlarının məhv edilməsinə yönələn çağırışlar edirlər. 

Ukraynada dörd ildir ki, müharibə davam edir. Belə demək mümkünsə, faktiki olaraq, rus ordusu Ukraynada məğlub durumdadır. Son zamanlar Ukraynada rus ordusunun işğalından azad edilən ərazilərin sayı artmaqdadır. 

Eyni zamanda, nəzərə almalıyıq ki, Yaxın Şərqdə də müharibə gedir - ABŞ və İsrailin İrana hücumları davam etməkdədir. Bu müharibə başlayandan bəri Rusiya-Ukrayna müharibəsi, demək olar ki, kölgə altına düşüb. 

Ən önəmlisi isə Prezident Donald Tramp çıxışlarında dəfələrlə bəyan edib ki, o, İrana böyük cəhənnəm yaşatmağa hazırdır, bu, birbaşa taktiki nüvə silahından istifadəyə mesajdır. Ağ Evin rəhbəri İranın elektrik təzcih edən obyektlərini də məhv edəcəyini bəyan edib. 

Bu məsələdə əsas mahiyyət burasındadır ki, əgər ABŞ İranda taktiki nüvə silahından istifadə edərsə, bu, Rusiyanın da Ukraynada eyni taktikaya əl atmasına təkan verə bilər. İranda elektrik stansiyaların və su anbarlarının hücuma məruz qalacağı təqdirdə Ukraynanın da eyni hal üzləşməsi istisna deyil. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Ukraynada taktiki nüvə silahından istifadə təkcə beynəlxalq təhlükəsizlik üçün deyil, Rusiya üçün də ciddi risklərə yol aça bilər: 

“Ukraynada və Yaxın Şərqdə davam edən müharibələr beynəlxalq təhlükəsizlik müstəvisində həqiqətən də çox mürəkkəb vəziyyət yaradıb. Liderlərin ritorikası həddən artıq kəskinləşib və tərəflər bir-birini yox etməklə bağlı çağırışlar edirlər. 

Bu kontekstdə Rusiyanın bəzi siyasətçilərinin taktiki nüvə silahının istifadəsinə çağırışları ciddi narahatlıq doğurur. Onların bəyanatları əsasən Ukraynanın strateji obyektlərinin - elektrik stansiyaları, su anbarları və digər infrastrukturun məhv edilməsi çərçivəsindədir və bu, humanitar və iqtisadi fəsadlar baxımından çox ciddi nəticələrə səbəb ola bilər”. 

R.Bayramov vurğulayıb ki, belə çağırışlar, praktik olaraq nüvə silahının istifadəsinə birbaşa keçid demək deyil:

“Ukraynada taktiki nüvə silahının istifadəsi beynəlxalq hüquq, geosiyasi balans və Rusiya üçün potensial geri təsirlər baxımından çox risklidir. 

ABŞ və İsrailin Yaxın Şərqdə İrana qarşı göstərdiyi hərbi təzyiqlər və Trampın çıxışlarındakı bəyanatlar da nüvə silahının taktiki istifadəsinə dair ehtimallara yol açır. 

Belə ki, Trampın İranın enerji infrastrukturlarına qarşı aqressiv ritorikası, bəzi ekspertlər tərəfindən taktiki nüvə mesajı kimi qəbul edilir. Əslində isə indiki mərhələdə nə Rusiyanın, nə də ABŞ-nin nüvə silahına əl atması inandırıcı görünmür”. 

Ekspertin sözlərinə görə, Ukraynada elektrik stansiyaların və sun anbalarının hədəfə alınması regionda böyük humanitar böhrana gətirib çıxara bilər: 

“Ukraynada elektrik stansiyaları və su anbarlarının hədəf olması fikri praktiki olaraq həm humanitar böhran riskini artırır, həm də nüvə və kimyəvi silah istifadəsi ilə bağlı beynəlxalq qadağalara ciddi ziddir. 

Belə bir ssenari həm Ukrayna əhalisi üçün böyük təhlükə yaradar, həm də beynəlxalq münasibətlər sistemində Rusiya üçün ciddi diplomatik, siyasi və hətta hərbi nəticələrə gətirib çıxara bilər. 

Üstəlik, taktiki nüvə silahının istifadəsi NATO-nun, ABŞ və Avropa ölkələrinin reaksiyasını qaçılmaz edir ki, bu da Moskvanın risk hesablamasını əhəmiyyətli dərəcədə çətinləşdirir.” 

R.Bayramov əlavə edib ki, İran və Ukrayna ssenarisində hədəflər və məqsədlər fərqlidir: 

“İran ssenarisi ilə Ukrayna kontekstinin birbaşa paralel götürmək də düzgün deyil. Hər iki regionda hərbi əməliyyatların dinamikası, beynəlxalq iştirakçılar və münaqişənin strateji məqsədləri fərqlidir. 

Lakin bir ortaq element var. O da nüvə silahının hər iki halda ekstremal taktiki variant kimi “ultimatum” və diplomatik mesaj məqsədilə göstərilməsidir. Praktiki tətbiq çox yüksək siyasi, hərbi və humanitar risklər daşıyır və bu səbəbdən real əməliyyat ssenarisi kimi nəzərdən keçirilməsi inandırıcı deyil. 

Odur ki, Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə ehtimalına dair mövcud çağırışlara və gərgin ritorikaya baxmayaraq, reallıqda hələ də çox aşağıdır. Həm ABŞ, həm də Rusiya başa düşür ki, nüvə silahının istifadəsi qlobal miqyasda geri dönüşü mümkün olmayan fəsadlar doğura bilər”. 

Избранный
12
cebheinfo.az

1Источники