RU

Səbinə Kərimova: “RehaBus” layihəsi əlilliyi olan uşaqlar üçün xidmətlərin əlçatanlığını artırır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında “RehaBus” layihəsini yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətlərinin əlçatanlığının artırılmasında mühüm rol oynayır.

Səbinə Kərimovanın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilən mobil reabilitasiya xidməti xüsusi avadanlıqlarla təchiz olunmuş avtobuslar vasitəsilə vətəndaşların yaşadıqları ərazilərə çatdırılır. O qeyd edib ki, xüsusilə reabilitasiya mərkəzlərinə getmək imkanı məhdud olan Sumqayıt və digər bölgələrdə yaşayan əlilliyi olan uşaqlar üçün bu yanaşma olduqca vacib və effektivdir.

S.Kərimova bildirib ki, layihə çərçivəsində ötən dövrdə 3 minədək uşağa xidmət göstərilməsi mühüm göstərici hesab olunur. Onun fikrincə, bu rəqəm həm xidmətlərin əlçatanlığının artdığını, həm də dövlətin sosial həssas qruplara diqqətinin daha da gücləndiyini göstərir.

“Erkən müdaxilə və davamlı reabilitasiya uşaqların inkişafında mühüm rol oynadığı üçün bu cür təşəbbüslər onların gələcək həyat keyfiyyətinə birbaşa təsir edir” – deyə Səbinə Kərimova vurğulayıb.

Sədrin sözlərinə görə, son illərdə ölkədə əlilliyi olan uşaqlara yönəlik reabilitasiya, sosial xidmət və müdafiə mexanizmlərində müsbət irəliləyişlər müşahidə olunur. O bildirib ki, yeni reabilitasiya mərkəzlərinin yaradılması, sosial xidmətlərin genişləndirilməsi və müxtəlif layihələrin icrası bu sahədə inkişafın əsas göstəricilərindəndir.

Bununla yanaşı, S.Kərimova vurğulayıb ki, regionlar üzrə xidmətlərin daha balanslı təşkili və keyfiyyətin artırılması istiqamətində əlavə addımlara ehtiyac qalmaqdadır.

“Bu uşaqların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi üçün inklüziv təhsilin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır” – deyə birlik sədri qeyd edib.

Sədri əlavə edib ki, məktəblərdə uyğun infrastrukturun yaradılması, müəllimlərin hazırlanması və fərdi yanaşmanın tətbiqi vacib məsələlər sırasındadır. Onun sözlərinə görə, valideynlərin maarifləndirilməsi, psixoloji dəstək proqramlarının artırılması və erkən diaqnostika sisteminin daha da gücləndirilməsi də prioritet istiqamətlərdəndir.

Səbinə Kərimova həmçinin bildirib ki, sosial xidmətlərin icma əsaslı model üzrə inkişaf etdirilməsi, əlilliyi olan uşaqların sosial və mədəni həyata daha aktiv cəlb olunması, eləcə də gələcəkdə onların məşğulluq imkanlarının artırılması üçün peşə yönümlü proqramların tətbiqi vacib hesab olunur.

Sonda o vurğulayıb ki, həyata keçirilən təşəbbüslər müsbət qiymətləndirilsə də, bu sahədə davamlılığın təmin olunması, xidmətlərin əlçatanlığının artırılması və inklüzivliyin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalmalıdır.

Fatimə Nəbiyeva

Избранный
28
qht.az

1Источники