Bizimyol saytına istinadən ain.az xəbər verir.
Çox zaman deyirlər ki, “coğrafiya taledir”. Bəli, bu hardasa düzgün fikir kimi görünə bilər. Amma taleyini dəyişmək də insanın əlindədir. Coğrafiya şərtdir, resurslar önəmlidir, amma bütün bunlar hələ taleyin qəti həllini vermir. Əsas amil insanın və xalqın etdiyi seçimlərdir. Hər bir ölkənin yolu, idarəetməsi və inkişafı məhz bu seçimlərlə formalaşır. Yəni, ölkəni irəli aparan güc coğrafiya deyil, seçimdir, siyasət və idarəetmədir.
Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “coğrafiya taledir” fikri ilə müəyyən mənada razıdır. Politoloqun sözlərinə görə, bu yanaşma tam olmasa da, reallıqda coğrafi faktorların dövlətlərin taleyində mühüm rol oynadığı açıq şəkildə görünür: “Məsələn; təbii resurslarla zəngin olan Yaxın Şərq ölkələri daim böyük güclərin maraq dairəsində olub, Afrika isə uzun illər müstəmləkəçilik siyasətinin təsiri altında qalıb və bu gün də bunun nəticələrini yaşayır”.
“Bəzi regionlar daim geosiyasi qarşıdurmaların mərkəzində olur, digərləri isə bu proseslərdən kənarda qalır. Bu baxımdan İraq, Suriya kimi ölkələrin uzun illərdir davam edən gərginliklər içində olması təsadüfi deyil. Coğrafiya ilə yanaşı, dövlətlərin siyasi idarəetməsi və böyük güclərlə münasibətləri də bu proseslərə ciddi təsir göstərir”-deyə politoloq qeyd edib.
Xəyal Bəşirov hesab edir ki, Cənubi və Şimali Koreya nümunəsi də göstərir ki, fərqli idarəetmə modelləri olsa belə, böyük güclərin təsiri bu ölkələrin siyasətində açıq şəkildə hiss olunur: “Körfəz və ərəb ölkələri ilə bağlı formalaşmış “sabitlik” görüntüsü də hər zaman reallığı əks etdirmir. Bu ölkələr bir çox hallarda böyük güclərin maraqları çərçivəsində hərəkət etməyə məcbur qalır”.
Politoloq Xəyal Bəşirov Liviya nümunəsinə də diqqət çəkərək bildirib ki, vaxtilə ölkənin lideri olan Müəmmər Qəddafiyə qarşı həyata keçirilən proseslər kənar müdaxilənin nəticələrinin bariz göstəricisidir. Politoloqun sözlərinə görə, Qərb ölkələrinin müdaxiləsi nəticəsində hakimiyyət dəyişsə də, ölkədə sabit və funksional dövlət sistemi formalaşmadı: “Bu gün Liviya, İraq və Suriya kimi ölkələrdə yaşanan vəziyyət göstərir ki, xarici müdaxilə ilə baş verən dəyişikliklər xalqların gözlədiyi nəticəni vermir. Bu cür proseslərdə vətəndaşların səsinin real təsiri çox zaman məhdud olur. Xüsusilə, münaqişə zonalarında yaşayan cəmiyyətlərdə demokratik institutlar formal xarakter daşıyır və qərarlar əsasən kənar güclərin təsiri ilə formalaşır”.
Xəyal Bəşirov İran məsələsinə toxunaraq qeyd edib ki, bu ölkədə yaşayan müxtəlif etnik qruplar xarici müdaxilələrə qarşı daha ehtiyatlı mövqe nümayiş etdirir. Politoloqun fikrincə, digər ölkələrdə baş verən hadisələr İran cəmiyyətində müəyyən nəticələr çıxarmağa səbəb olub və bu da onların mövqeyinə təsir edir.
“Hər bir ölkədə hakimiyyətin dəyişməsi və idarəetmə modelinin müəyyənləşdirilməsi daxili proseslərin nəticəsi olmalıdır. Xaricdən zorla tətbiq olunan dəyişikliklər uzunmüddətli perspektivdə həmin ölkələrin maraqlarına xidmət etmir. Bu baxımdan coğrafiya, siyasi seçimlər və beynəlxalq münasibətlər birlikdə dövlətlərin taleyini müəyyən edən əsas amillərdir”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.