RU

AMEA rəhbəri: Akademiyanın fəaliyyətini rəqəmsal cəmiyyətin tələblərinə uyğun yeni modelə keçirmək zəruridir

Bakı, 7 aprel, AZƏRTAC

Ötənilki Elm Günündən keçən bir illik dövrün elm aləmi üçün ən böyük tarixi hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etməsi və dərin məzmunlu, proqram xarakterli nitq söyləməsi olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-da Elm Günü münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının Azərbaycan dili və Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu vəzifələr azərbaycançılıq ideyasının və ideologiyasının elmi əsaslarının daha dərindən və əhatəli şəkildə tədqiq edilməsinə dair müasir çağırışları əks etdirir.

Prezidentin tapşırığından irəli gələrək Akademiyada bu istiqamət üzrə fəaliyyətin genişləndirildiyini deyən akademik İsa Həbibbəyli Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin linqvistik korpusunun yaradılması sahəsində mühüm addımların atıldığını, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətləri üzərində işlərin tamamlandığını söyləyib. Bundan əlavə, şəxs adlarının yeni soraq kitabının hazırlanaraq aidiyyəti üzrə müvafiq quruma təqdim olunduğunu, Azərbaycan dilinin saflığının qorunması və qrammatikasının yenidən yazılması sahəsində də ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.

“Tarixçi-alimlərimiz 15 cildlik “Azərbaycan tarixi” üzrərində iş aparmaqla bərabər, Azərbaycan Respublikasının müstəqillik dövrü tarixinin 3 cildi üzərində işi bu ilin axırınadaək tamamlamağa çalışırlar. Həmçinin 10 cildi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin də artıq 7 cildi çap olunub”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubileyindəki tarixi nitqində texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşıya qoyduğu vəzifələrə də toxunan AMEA rəhbəri Elektron hərəkat, rəqəmsallaşma və süni intellektin son 3 ildə Akademiyada həyata keçirilən yeniləşmə islahatlarının əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya”şöbəsinin yaradılması ilə başlanan elektron hərəkat nəticəsində artıq Milli Elmlər Akademiyasının elektron arxitekturası formalaşdırılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, Akademiyanın bütün institutlarında, hətta regionlarda yerləşən elmi bölmələrində və mərkəzlərində də rəqəmsal elm sahəsi və süni intellekt şöbələri fəaliyyət göstərir.

Akademik İsa Həbibbəyli institutlarda rəqəmsallaşma və süni intellekt üzrə direktor müavinlərinin təyin olunma prosesinin başa çatmaqda olduğunu diqqətə çatdırıb.

Milli Elmlər Akademiyasında həyata keçirilən islahatların əsas istiqamətlərindən birini də elmi istiqamətlərin müstəqil dövlətimizin inkişaf strategiyasına, milli prioritetlərimizə cavab verməsinin təmin edilməsi ilə əlaqədar olduğunu deyən AMEA rəhbəri Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi, Türk dünyası ilə əlaqələr, yeni tarixi dövrün milli ideyası kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.

Избранный
2
2
azertag.az

3Источники