RU

“REJİM PİSDİR, ÖLKƏNİ BOMBALA...” İranı vuran Trampın “strategiyası” öz başında çatlayır

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Tramp hakimiyyətə gələn ərəfədə tez-tez “güc vasitəsilə sülh əldə etmə” prinsipindən danışırdı. Bu zaman hər kəs bu tezisin Ukrayna müharibəsinə aid olduğunu düşünürdü və  ümid edirdi ki, ABŞ ilk növbədə Rusiyaya öz hərbi gücünü, qüdrətini birbaşa olmasa da, Ukrayna vasitəsilə göstərərək, sülhə nail olmağa çalışacaq.

Lakin çox keçmədi ki, bu güc sadəcə, Tramp və onun komandasının xoşuna gəlməyən rejimlərin idarə etdiyi Venesuela kimi kiçik, zəif ölkələrə göstərilməyə başladı. Ukrayna münaqişəsinə gəlincə, Trampdan olsa ABŞ-nin hərbi gücünü Rusiyaya yox, Ukraynaya qarşı tətbiq edərdi. Çünki onun xoşuna və olmayan mənəvi dəyərlərinə uyğun gəlməyən Rusiyadakı irticaçı və işğalçı rejim yox, Ukraynadakı xalqını, dövlətini qoruyan hakmiyyətdir...

Bombalamaqla, hərbi müdaxilə ilə hakimiyyət  dəyişmək cəhdləri ya məsələn, Əfqanıstandakı kimi əvvəlkindən daha sərt və amansız rejim qurulmasına, ya İraqdakı, Liviyadakı kimi ölkənin faktiki parçalanmasına,  ya da Ukraynadakı kimi uzun-uzadı, üzücü və mənasız münaqişəyə gətirib çıxarır. 

Yəni, yaxın tarixdə baş verənlər açıq şəkildə  göstərir ki, hansısa ölkəyə rejimi bəyənmədiyiniz üçün hücum etmək əks effekt verir – həm hücum edilənə, həm də əksər hallarda hücum edənin özünə ziyan vurur. 

Ancaq buna baxmayaraq, göründüyü kimi, Tramp “ikinci dəfə eyni palçığa girməyən” məlum canlıdan fərqli olaraq, özündən əvvəl baş verənlərdən dərs çıxarmadı və İrana girdi. İndi də bunun acı nəticələrini “udmaq” məcburiyyətindədir...

Əslində, hazırda dünyada yaşananlara ən dolğun qiymətləndirmələrdən birini bu günlərdə Fransa Prezidenti Emmanuel Makron verib: “Ölkələri rejimləri ilə razılaşmadığımız üçün bombalamaq Pandora qutusunu açır. İran pis bir rejimdir, amma bombalamaq işə yaramır. İraq, Əfqanıstan, Liviya — 20 illik müdaxilələr heç bir nəticə verməyib. Dəyişiklik daxildən, xalqdan gəlməlidir.

Biz Çinin dominantlığından asılı olmaq və ya ABŞ-nin gözlənilməzliyinə qarşı çox həssas olmaq istəmirik. Fransa heç bir gücün vassalı olmaq istəmir.

"Üçüncü yol" var — Koreya, Avropa, Kanada, Yaponiya, Hindistan, Braziliya və Avstraliyanın birləşməsi. Bu, Çindən asılı olmaq və ya avtomatik olaraq ABŞ-nin tərəfini tutmaq istəməyən ölkələr üçün bir formatdır.

Fransa Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən artan risklərlə üzləşir. Çin təchizat zəncirlərini və vacib mineralları nəzarətdə saxlamağa çalışır. ABŞ isə tariflər və xarici tədbirlər vasitəsilə ticarəti bərpa edir”. 

Yəni, hərə öz marağını güdür və bunu olduqca amansız, hətta bar-bar formada edir. Ona görə də hətta Fransa kimi böyük ölkələr, bütünlükdə Avropanın özü belə kimlərləsə ittifaq qurmaq, özünü sığortalamaq, qorumaq istəyir...   

Bütün bu baş verənlərin kökündə digər məqamlarla yanaşı, sözsüz ki, həm də beynəlxalq hüququn sıradan çıxarılması durur. Məsələn, Tramp beynəlxalq hüququ saya salmayanda, bunun bir gün öz başında  çatlayacağını ağlına da gətirməzdi. Amma bu gün İranın timsalında bunu görməkdədir. Bəli, İranın Hörmüz boğazını bağlaması beynəlxalq hüquqa ziddir. Amma bu hüququ məhz Putin və Netnyahu kimilərə qoşulan Tramp özü çoxdan zibilliyə atıb... 

Bir anlıq təsəvvür etsək ki, bütün dünya vahid bir dövlətdən ibarətdir və orada hüquq ayaqlar altına atılaraq çeynənir, ona məhəl qoyulmur, o yalnız kasıbları, zəifləri incitmək, sıxışdırmaq, istismar etmək üçün tətbiq olunur, o zaman bəzi Sovet respublikalarında olduğu kimi, adı “hüquqi dövlət” olsa da, saxtakarlıq, özbaşınalıq, hüquqsuzluq baş alıb gedər. Necə ki, gedir də. Deməli, beynəlxalq hüquq bərpa olunmayınca və onu ayaqlar altına atan böyük dövlətlərin “liderləri” sıradan çıxmayınca, dünyanı yaxşı heç nə gözləmir...

C.Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
azpolitika.info

1Источники