RU

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri yeni inkişaf dövrünə qədəm qoyur » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri Cənubi Qafqazın bu iki respublikası arasındakı əlaqələrin son illərdə yeni keyfiyyət mərhələsinə yüksəldildiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər təsdiq etdi ki, mehriban qonşuluq və dostluq prinsiplərinə söykənən, çoxsaylı əməkdaşlıq sferalarını əhatə etməklə strateji səviyyəyə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri həm də regionun siyasi-iqtisadi arxitekturası baxımından xüsusi məzmun kəsb edir.
Azərbaycan və Gürcüstanın bölüşdüyü dəyərlər çoxdur. Hər iki dövlətin vahid coğrafi məkanda yerləşməsi, tarixən müstəqil dövlətçiliyə sahib olmaları, XX əsrdə eyni taleni yaşamaları mühüm siyasi-mənəvi meyarlar kimi bu gün Azərbaycan-Gürcüstan əlaqələrinin təməlində dayanır. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq münasibətlər yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycanın təşəbbüsləri ilə həyata vəsiqə alan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi infrastrukturlar isə bu təməlləri daha da möhkəmləndirərək, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün iki dövlət arasında demək olar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəfli və faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevin dövlət səfəri zamanı Tbilisidə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş naziri İrakli Kobaxidze ilə görüşlərində bununla bağlı müzakirələr aparıldı və görünən odur ki, hər iki tərəf əlaqələrin daha da inkişafında maraqlıdır.
Əlbəttə, münasibətlərin sürətli inkişafının, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin hər iki tərəfin əməkdaşlığın daha da genişlənməsində maraqlı olmasının əsas səbəbi yüksək siyasi əlaqələrdir. Təsadüfi deyil ki, hər iki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəkləyib. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək veriblər, bir-birinin maraqlarını qətiyyətlə müdafiə ediblər. Azərbaycan Gürcüstanın ən çətin zamanlarında ona dayaq olub, maddi və mənəvi dəstəyini əsirgəməyib. 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanın ədalətli və obyektiv siyasi mövqe nümayiş etdirməsi hər zaman Azərbaycanda xüsusi minnətdarlıqla xatırlanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və Prezident Mixeil Kavelaşvilinin seçkilərdə qalib gəldikdən sonra ötən il ilk xarici səfərlərini məhz respublikamıza etmələri də iki dövlət arasındakı yüksək siyasi münasibətlərdən və qonşu dövlətin Azərbaycanla münasibətlərə xüsusi diqqətlə yanaşmasından xəbər verir.
Bir mühüm məsələni də qeyd etmək yerinə düşər ki, son aylarda Azərbaycandan Ermənistana tədarük olunan məhsulların Gürcüstan vasitəsilə çatdırılması da iki dövlətin yüksək siyasi münasibətlərinin və rəsmi Tbilisinin Azərbaycanın başlatdığı sülh prosesinə verdiyi dəstəyin təzahürüdür. Təsadüfi deyil ki, Tbilisidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev buna görə Gürcüstan hökumətinə təşəkkürünü ifadə etdi.
İqtisadi əlaqələrə gəldikdə, Gürcüstan Azərbaycanın əsas iqtisadi tərəfdaşları sırasında dayanan dövlətdir. Keçən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dolları təşkil edib. İndiyədək Azərbaycan tərəfindən Gürcüstanın iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə qoyulub. İki ölkə arasındakı iqtisadi tərəfdaşlığın əsas özəlliyi isə Azərbaycanın karbohidrogen ehtiyatlarını Gürcüstan vasitəsilə beynəlxalq bazarlara ixrac etməsidir. O cümlədən, bu gün Avropa ilə Asiya arasındakı nəqliyyat əlaqələrində aparıcı rol oynamaqla, bütün keyfiyyət göstəriciləri baxımından özünü tam doğruldan Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir və bu çərçivədə əməkdaşlıq iki ölkənin iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biri kimi özünü göstərir.
Prezident İlham Əliyevin Tbilisidə keçirdiyi görüşlərdə əlaqələrin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd olunaraq, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlətimizin başçısının bildirdiyi kimi, iki dövlətin münasibətləri bütün qonşular üçün nümunə ola bilər:
“Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.
Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze cənab Prezident İlham Əliyevi ölkəsinin əziz dostu adlandıraraq, dövlətimizin başçısının səfərinin xüsusi şərəf olduğunu bəyan etdi. İrakli Kobaxidzenin bu fikirləri Prezident İlham Əliyevin şəxsiyyətinə, nüfuzuna və apardığı uğurlu regional siyasətə verilən yüksək siyasi qiymətdir. Bu fikirlər ondan xəbər verir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət həm də Cənubi Qafqaz regionunda yüksək siyasi etimadı və möhkəm iqtisadi tərəfdaşlığı təmin edir.
Tbilisidə Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin mətbuata bəyanatlarında hər iki tərəfin siyasi-iqtisadi dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları ifadə edildi. Dövlətimizin başçısının toxunduğu məsələlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, gələcək prioritetlərini də ortaya qoydu. Şübhəsiz ki, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan əlaqələr Prezident İlham Əliyevin Gürcüstana dövlət səfərinin nəticəsi olaraq iqtisadi, siyasi və strateji maraqlar əsasında daha da möhkəmlənəcək. Çünki mövcud dinamika və Tbilisidəki görüşlərdə səsləndirilən fikirlər iki dövlət arasındakı siyasi və iqtisadi əməkdaşlıq sferalarının qarşıdakı dövrdə daha da genişlənəcəyini söyləməyə əsas verir.
Bütövlükdə, cənab Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri, Tbilisidə keçirdiyi görüşlər və verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin güclü və strateji regional tərəfdaşlıq modeli olduğunu nümayiş etdirdi. Dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanan bu əlaqələr həm də regionun təhlükəsizliyinə, inkişafına və rifahına böyük töhfələr verir.

Избранный
21
2
azadmedia.az

3Источники