RU

"Azərbaycan ticarət-iqtisadi əlaqələrin stimullaşdırılmasına geniş imkanlar yaradır" - Deputat

"Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən hesabat məruzəsi, eləcə də tövsiyə qərarı və Model Qanunu yüksək peşəkarlıqla hazırlanıb və bu  istiqamətlərdəki problemlərin innovativ həlli yollarını ehtiva etməklə olduqca aktual əhəmiyyət kəsb edir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri” mövzusunda on üçüncü iclasında deputat Ağalar Vəliyev deyib.

Deputat bildirib ki, hesabatın aidiyyəti bölümündə ölkəmizdə müvafiq sahələrdə görülən işlər kifayət qədər dolğun əhatə olunduğundan yalnız bəzi məqamlara qısaca olaraq toxunmaq istərdim:

"Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ardıcıl və sistemli islahatlar müasir geosiyasi və geoiqtisadi çağırışlar fonunda Türk dövlətləri də daxil olmaqla regional və qlobal miqyasda çoxşaxəli iqtisadi əməkdaşlığın təmin edilməsinə, ticari-iqtisadi əlaqələrin stimullaşdırılmasına və qarşılıqlı investisiyaların təşviqinə geniş imkanlar yaradır. Düşünürəm ki, bu kontekstdə Azərbaycanın Türk Dövlətləri çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi və vahid iqtisadi məkanın yaradılması ilə bağlı təklifi iqtisadiyyatların inteqrasiyasına, infrastrukturların inkişafına, ticarət maneələrinin, inzibati əngəllərin aradan qaldırılmasına və bütövlükdə iqtisadi siyasətin koordinasiyasına xidmət edəcəkdir.

Şübhəsiz ki, üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın konseptual əsaslarının tədqiqi qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyən edilməsi baxımından getdikcə böyük önəm daşıyır. Belə ki, hazırda Türk dövlətlərinin ümumi daxili məhsulu 2,1 trilyon ABŞ dollarından artıqdır ki, qlobal iqtisadiyyatda onun payı təxminən 2 faiz təşkil edir. Eyni zamanda üzv dövlətlər arasında qarşılıqlı ticarətin həcmi 57 milyard, ümumi xarici ticarət həcmi isə 1,1 trilyon dollardır. Bu baxımdan hesab edirəm ki, qardaş dövlətlərimiz həm öz aralarında, həm də birgə şəkildə Asiya və Avropa bazarlarına ixracın artırılması üçün geniş imkanlara malikdirlər. Təqdirəlayiq haldır ki, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi, daxili ticarətin artırılması, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə iqtisadiyyatın şaxələndirilməsi Türk əməkdaşlığının əsasını təşkil etməkdədir ki, bununla bağlı zəruri addımlar atılmaqdadır. Uzunmüddətli əməkdaşlıq üçün əsas sütun hesab olunan üzv dövlətlərin hazırkı birgə iqtisadi layihələrinin, o cümlədən birgə müəssisələrin, birgə investisiyaların, azad iqtisadi zonaların imkanlarının araşdırılması və daha perspektivli sahələrin müəyyənləşdirilməsi olduqca önəmlidir. Şübhəsiz ki, birgə iqtisadi fəaliyyətin uğuru ilk növbədə uzunmüddətli gəlir gətirəcək sahələrin düzgün müəyyən edilməsindən asılıdır. Dövlət, özəl sektor, investorlar, elmi-tədqiqat qurumları və beynəlxalq təşkilatlar əsas iqtisadi subyektlər kimi çıxış etdiyindən, bu subyektlər arasında institusional mexanizmlərin müəyyənləşdirilməsi üçün zəmin yaradır".

A.Vəliyev əlavə edib ki, Milli Məclis tərəfindən bu istiqamətlərdə qanunvericilik bazasının daha da möhkəmləndirilməsi yönündə müntəzəm olaraq məqsədyönlü işlərin aparılması təmin edilir: "Bu baxımdan hesab edirəm ki, üzv dövlətlərin arasında hüquqi çərçivənin təkminləşdirilməsi, qanunvericiliyin uyğunlaşdırılması və yaxınlaşdırılması sahəsində müsbət əməkdaşlıq təcrübəmiz mövcuddur və bu günkü iclasımız birgə əməkdaşlığımızı yeni formata daşıyacaqdır. Əminəm ki, apardığımız faydalı fikir mübadiləsi, səslənən məzmunlu təkliflər, qəbul olunacaq tövsiyyə qərarı və Model Qanunu iqtisadi-ticari əlaqələrimiz üzrə qarşılıqlı inteqrasiyanın gücləndirilməsinə əhəmiyyətli töhvə verəcəkdir".

Anar Kəlbiyev

Избранный
9
unikal.az

1Источники