RU

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək - AÇIQLAMA

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasındakı dərin strateji münasibətlər iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olub. Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri bu münasibətlərin daha da dərinləşməsinə və strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək, tərəflərin qarşılıqlı əməkdaşlıqdan daha çox faydalanmasına imkan yaradacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 9 faiz artaraq 881,4 milyon dollara çatıb.

“Ümumi ticarət dövriyyəsinin 712,7 milyon dollarını Azərbaycanın Gürcüstana ixracı, 168,7 milyon dollarını isə idxal təşkil edib. Bu isə o deməkdir ki, qarşılıqlı ticarətdə Azərbaycan 544 milyon dollarlıq müsbət saldo əldə edib. Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər investisiya axınının artmasına, iqtisadi əlaqələrin daha da dərinləşməsinə, eyni zamanda, nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Azərbaycan və Gürcüstan yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirir. Bu istiqamətdə atılan addımlar yaxın illərdə hər iki ölkənin Avropaya, xüsusilə Rumıniya və Macarıstana yaşıl enerji ixrac etməsinə imkan yaradacaq. Gözlənilir ki, 2027-ci ildən sonra Azərbaycan və Gürcüstan istehsal olunan 3 giqavat külək və 1 giqavat günəş enerjisinin 80 faizini ixrac edə biləcək. Bu baxımdan, iki ölkə arasındakı əməkdaşlıq bütövlükdə Avropa üçün yeni “yaşıl enerji körpüsü”nün formalaşması deməkdir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Deputat qeyd edib ki, nəqliyyat dəhlizləri sahəsində də əməkdaşlıq genişlənməkdədir. İki ölkə vahid tariflərin tətbiqi istiqamətində birgə fəaliyyət göstərir ki, bu da Azərbaycan və Gürcüstan üzərindən daha çox yüklərin daşınmasına şərait yaradacaq. Ümumilikdə, qarşılıqlı investisiya qoyuluşlarının artması, ticarət dövriyyəsinin genişlənməsi və nəqliyyat dəhlizləri daxil olmaqla regional məsələlərdə əməkdaşlığın güclənəcəyi gözlənilir.

Избранный
5
1
azertag.az

2Источники