BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsraildə İran lehinə casusluq iddiası ilə 4 hərbçi saxlanılıb.
TurkicWorld xəbər verir ki, İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.
Telekanalın məlumatında qeyd olunur ki, saxlanılan hərbçilər müntəzəm döyüş bölmələrində xidmət ediblər və onların müharibə dövründə İranın maraqları naminə məlumat toplama fəaliyyəti ilə əlaqəli olduqları iddia olunur.
İddialara görə, İran kəşfiyyatı həmin hərbçilərdən strateji əhəmiyyət daşıyan obyektlərin fotoşəkillərini çəkmək və müəyyən məlumatlar toplamaq kimi tapşırıqları yerinə yetirmələrini istəyib.