İspaniyanın Soria vilayətində yerləşən və əhalisi təxminən 40 nəfərə düşmüş Arenillas kəndinə köçənlərə pulsuz ev veriləcək. Metbuat.az xəbər verir ki, bu təşəbbüslə yerli bələdiyyə və Arenillas Mədəniyyət Dərnəyi çıxış edib. Məqsəd kəndin demoqrafik vəziyyətini yaxşılaşdırmaqdır. Proqram yalnız pulsuz evlərlə məhdudlaşmır - yeni sakinlər üçün iş imkanları da təmin edilir. Köçən şəxslər bələdiyyə mülklərinin saxlanması, təmir işləri və icma fəaliyyətləri üçün vakansiyalardan yararlana biləcəklər. Kəndə köçən hər kəsin işlə təmin edilməsi nəzərdə tutulur. Bu təşəbbüs böyük maraq doğurub. Yerli bələdiyyə və Arenillas Mədəniyyət Dərnəyi kəndin dirçəldilməsi üçün proqramı açıqlayandan sonra qısa müddət ərzində 116 rəsmi müraciət olub. Kənddə uzun müddət yaşamaq istəyən şəxslərin ev və işlə təmin edilməsi tezliklə reallaşdırılacaq. Bələdiyyədən bildirilib ki, belə proqramların məqsədi yalnız əhalinin sayını artırmaq deyil, həm də kənd həyatını canlandırmaq və kəndin sosial iqtisadi strukturunu möhkəmləndirməkdir.