RU

Gündüz Tahirlidən İsa Nəcəfovun ittihamlarına REAKSİYA - Sonu ya qəbirdir, ya da...

Mirzə Ələkbər Sabirin nəvəsi, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli onun barəsində danışan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini İsa Nəcəfova cavab verib.

Musavat.com öncə arayış üçün bildirir ki, İsa Nəcəfov "Yeni Sabah”a müsahibəsində
Gündüz Tahirli haqqında sərt ittihamlar səsləndirib.

Sitat: “Gündüzün qardaşı bir gün idmanda mənimlə görüşdü, söhbət elədik. Onun bir problemi var idi, kömək elədim. Sonra Gündüzü mediadan uzaqlaşdırdı. Dedim niyə? Dedi, Eldar ona filan qədər pul göndərirdi, deyirdi İsa haqqında yaz. Sonra mən bir dəfə Gündüzlə görüşəndə dedim, yekə kişisən, pul alırsan, heç olmasa, düzünü yaz, yalan yazma”.

Gündüz Tahirli isə ona cavabında aşağıdakıları bildirib:

“Bir qəzet redaktoru olarsansa, 10 səmimi dost tapanda, 100 də açıq və ya gizli düşmən qazanarsan. Bu çox təbiidir. Amma 25-30 ilin acılarını hələ də yaşayaraq, qəfildən özünü xatırlatmaq və ya boğula bilməyən bir qisas hissini üstələyə bilmədən cəfəngiyyat saçmağı artıq ağsaqqal bir hüquqşünasa yaraşdırmaq çətinlik doğurur.

Ehtimali iddiaların, eləcə də onların təkziblərinin sübut əsasları kənardan müşahidəçi və ya oxucu üçün hər zaman qaranlıq qalan məsələlərdir. Kim birinci başladı, çox danışdı, daha yüksək səslə bəyan etdi və ya davamlı oldusa - ictimai rəyi qazanmaq şansı da o qədərdir. Həmən “od olmayan yerdən tüstü çıxmaz” məntiqi işə düşür və ya işə salınır.

Mətbuatda kiminsə haqda yazarlarsa, həmin adamın ilk ağlına gələn və ya başqalarının ağlına gətirmək istədiyi “bunu yazdırıblar” arqumentidir. İnsafən, əsassız da deyil, misallar məsəllərdən çoxdur, təəssüf ki, bu da günümüzün bir mətbuat gerçəkliyidir və doğrudan kimin nəyi, nə zaman yazdırdığının və ya yazdırmadığının dəlilini ortaya qoymaq müşkül məsələdir. Odur ki və həm də, bu mənasız, gərəksiz müzakirənin uzanmaması xatirinə çox dərin yaddaş qurcalamalarına enməmək doğru görünür.

Bu, iddianın əsas predmeti üzrə hüquqşünas bəyə xatırladacağımdır və güman edirəm, açıq da olmasa, qəlbinin dərin guşələrində hüquqi müstəvidə çəkişməyə dəvət edilmədiyinə görə minnətdar olar. Ən azı, dostlarına minnətdar ola bilər, əgər gerçəkdən “dost” deyə biləcəyi kimsə varsa.

Amma bəlli faktlar da var ki, onların sadəcə sadalanması ilə hüquqşünas bəyin nə qədər haqsız bir hekayə müəllifliyi aşkar olur. İnanmaq nə qədər xoş olardı ki, bu xüsusiyyəti də istefasından sonra ortaya çıxıb, vaxtilə prokuror olarkən sıravi vətəndaşlara tətbiq olunmayıb..."

Gündüz Tahirli deyib ki, qardaşı 1981-cü ildən Moskvada yaşayıb, odur ki, sonradan Rusiya vətəndaşı olub və bütün biznes fəaliyyəti həmin ölkə ilə bağlı olub:

"Azərbaycanda biznes fəaliyyətinə 2003-cü ildən sonra başlayıb və məhz bundan sonra Azərbaycana sıx-sıx gəlməyə başlayıb. Yəni mən mətbuatdan uzaqlaşandan 2-3 il sonra və o vaxta qədər bizim bir-birimizin fəaliyyətindən çox səthi məlumatımız olub və qardaşım Azərbaycanda prezidentdən başqa hansısa vəzifəli şəxs adını da bilməyib.

Qardaşımın İsa Nəcəfovla görüşməsi və qısamüddətlı təmasları ən yaxşı halda 2005-ci ildən sonra ola bilər. Odur ki, onun məni Azərbaycanın daxili məsələləri ilə bağlı mətbuatdan uzaqlaşdırması cəfəngiyyatdan başqa bir şey deyil.

2005-cü ildən sonra İsa Nəcəfovla bir neçə dəfə təsadüfi və ayaqüstü görüşmüşük. Bir dəfə isə məni vaxtilə “Azadlıq” qəzetində çalışmış, sonradan İsa Nəcəfova aidiyyəti olan klinikada işləyən hörmətli bir xanımın vasitəsilə həmin tibb müəssisəsilə tanışlıq üçün dəvət olumuşam. Orada çay içib, indi belə anlaşılır ki, zahirən səmimi söhbət etmişik və nə keçmiş, nə Eldar Həsənov, nə də hər hansı başqa bir şəxs haqda danışmamışıq. Daha bir dəfə də İsa Nəcəfovun xəbəri olmadan həmin tibb müəssisəsində müvafiq ödəməni edərək müalicə prosedurundan keçmişəm. Vəssalam və bu qədər.

Yəni bütün bunlar mən mətbuatdan uzaqlaşdıqdan ən azı 5 il sonra baş verib. Yəni, siz təxəyyülünüzdə “yekə kişisən, pul alırsan, heç olmasa, düzünü yaz, yalan yazma” deyərkən, mənim artıq illlərdir ki, yazmadığımı və şəxsən sizin haqqınızda şəxsən heç zaman heç nə yazmadığımın fəqrqində deyildinizmi? Baş Prokuror və müavini arasında çəkişmələrə dair “Azadlıq” qəzetində sizin də mövqeyinizin kifayət qədər əks olunduğunu danacaqmısınız?

Gerçəkdən lehinizə və ya əleyhinizə nələr yazıldığını xatırlamıram, yəni sizi də xatırlamırdım. “Sən” deyə müraciət edəcək dərəcədə nə yaxınlığımız yaddaşımdadır, nə düşmənçiliyimiz. Çünki o zamanlar bir müxalifət qəzeti redaktoru olsam da, az qala bütün hökumət nümayəndələri, eləcə də YAP yetkililəri ilə aramızda qarşılıqlı sayğı məsafəsi və hörmət pərdəsi vardı.

Amma sizin bu qədər küdurətiniz vardısa, vaxt vardı ki, “Azadlıq” qəzetini məhkəmələrə vermək üçün yaranmış məmur növbələrində niyə yer tutmadınız? Bir məmur üçün o qədər rahat və hakimiyyət dəhlizlərində başucalığı gətirəcək bir addım olardı ki! Ələlxüsus bu qədər aşkar haqsızlıq vardısa?! Peşəniz qanundan başqa yollara sövq edə bilərdi, amma təhsilinizin hüquq sahəsində olduğunu ehtimal edirəm.

Mən mətbuatdan ayrılandan, siz prokurorluqdan uzaqlaşdırılandan illər sonra özümə və üzümə deyə bilmədiklərinizi, daha on illər sonra bu qədər uydurmalı şəkildə ortaya qoymağa nə hacət?

Bəyim, qəfildən xatırlanmaq zərurəti duydunuzsa, bunu mənim şəxsim üzərindən gerçəkləşdirmək bir az ayıb, bir o qədər də təhlükəli olur. Güman edirəm, yaddaşınızda heç olmasa hüquqi nəsnələr qalmamış deyil. Bunu nəinki, şəxsən sizin bilməniz, həm də səhifə və ya ekranlarını, anadoluluar demiş “kullandığınız” qəzetlərə də məhz sizin bir hüquqşünas olaraq xatırlatmağınız daha sanballı olardı.

Müsahibənizin hörmətli Aqil Abbasla bağlı hissəsindən bəlli də olur ki, qanunun çox konkret tələblərini unutmamısınız, sadəcə, görünür, hüququn bir halda təqbiq edilib, digərində edilməməsi kimi adətkərdəlik də var ortada.

P.S. Sizə və əslində heç kimə də gizli deyil ki, təxminən 2003-cü ilə qədər (sonrasını mən bilməm) az qala istisnasız olaraq bütün nazirlər və onların müavinləri, az qala istisnasız olaraq öz şəxsi iradələriylə və az qala istisnasız olaraq bütün qeyri-dövlət qəzetləriylə əlaqə saxlamaq, münasibətlər qurmaq, dəstəkləmək təşəbbüslərində olublar. Və heç də həmişə bilavasitə deyil və heç də həmişə birbaşa redaktorlarla deyil. Və heç də həmişə uğurlu deyil.

Siz də onlardan biri. Gerçəkdən bu mövzuların aktuallığına inanırsınız? Bir baxın, keçmiş və ya indiki silahdaşlarınızdan kim sizi dəstəkləyəcək? “Sizi dəstəkləyən və dəstəkləməyən qəzetlər” mövzusunu bir az daha açıqlamağa da zərurət duyurmusunuz? Ali siyasi hakimiyyətin arxasından müxalifət qəzetlərinə gizlincə məlumat ötürmək və onları dəstəkləməyə çalışmaq ifşalarında və özünüifşada varmısınız?

Şəxsən mənim üçün heç bir problem yoxdur, baxmayaraq ki, öz tərəfimdən verilən kişi sözünə sonuna qədər sadiqəm.

Son isə ya qəbirdir, ya da tərəf müqabilinin kişi sözünün sanbalı haqda təsəvvürlərinin erroziyaya uğradığı an...”

Musavat.com

Избранный
25
1
musavat.com

2Источники