RU

Aprel şəhidi Ülvin Məmmədovun xatirəsi ehtiramla yad edilib -Foto



2026-cı il aprelin 6-da Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Qarakeçdi obasında Aprel döyüşləri zamanı şəhid olmuş Məmmədov Ülvin Camaləddin oğlunun məzarı önündə anım tədbiri keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Cövhər Sadıqzadə, Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Anım mərasimində çıxış edən rayon rəsmisi bildirmişdir ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, operativ qərarvermə imkanlarını və koordinasiyalı fəaliyyətini bir daha nümayiş etdirmişdir. Qısa müddət ərzində əldə olunan uğurlar sübut etmişdir ki, Azərbaycan Ordusu yalnız müdafiə deyil, həm də hücum əməliyyatlarını uğurla həyata keçirmək potensialına malikdir. Qeyd olunmuşdur ki, bu döyüşlər nəticəsində düşmənin mənəvi-psixoloji durumu sarsıdılmış, ona ciddi zərbələr endirilmişdir.
Vurğulanmışdır ki, Aprel döyüşləri təkcə hərbi baxımdan deyil, həm də milli özünüdərk, Xalq–Ordu birliyi və dövlətə inamın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Həmin döyüşlər zamanı əldə olunan nailiyyətlər xalqımızın qələbəyə inamını daha da möhkəmləndirmiş və bu proses 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə nəticələnmişdir.
Diqqətə çatdırılmışdır ki, Ülvin Məmmədov göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.
Şəhidin yaxınları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiişlər.
Sonda Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Məmmədov Ülvin Camaləddin oğlunun və digər şəhidlərin məzarlarını ziyarət edərək, onların əziz xatirəsini ehtiramla yad ediblər.



Избранный
22
aia.az

1Источники