RU

Qarabağ məsələsi niyə aktuallaşır? Moskvanın GİZLİ MESAJI

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Qarabağ barədə danışması siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Görüşdən sonra Rusiya Administrasiyasının önəmli simaları da bu mövzuda açıqlamalar veriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib ki, Qarabağın məsələsi heç bir şəkildə Rusiya ilə əlaqəli deyil, bu qərar Ermənistan hakimiyyətinin səlahiyyətindədir:

“Bu kontekstdə Rusiya tərəfinə hər hansı şəkildə istinad edilməsini istəmirik. Putin və Rusiya bu məsələnin müzakirəsi zamanı lazımsız istinadların olmamasının tərəfdarıdır. Çünki bu, rəsmi İrəvanın qərarıdır, Rusiya ilə heç bir əlaqəsi yoxdur”.

XİN

Peskovun bu açıqlamasına isə Azərbaycan XİN dərhal reaksiya verdi:

“Diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətinin və XİN-in diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub”.

XİN-in şərhində xatırladılıb ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb:

“Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədlinin fikrincə, Paşinyan-Putin görüşü zamanı Ermənistan və Rusiya arasında bir çox məsələdə ciddi fikir ayrılığının olduğu növbəti dəfə aydın oldu.

METİN

Musavat.com-a şərhində M.Məmmədli vurğulayıb ki, tərəflər fərqli mövqedə olduqlarını gizlətmədilər:

“Bizim diqqətimizi cəlb edən əsas məqamlardan biri Rusiya prezidentinin Qarabağ mövzusunu yenidən gündəmə gətirməsi idi. Hesab edirəm ki, Rusiya siyasi diskursunda bu məsələsinin gündəmə gətirilməsinin əsas səbəbi Ermənistanın daxili siyasi prosesləri ilə bağlıdır. Aydın məsələdir ki, Ermənistan hazırda kritik seçkilər ərəfəsindədir. Görünən odur ki, Rusiya bu məsələdən Paşinyan hökumətinə qarşı istifadə etməyə çalışır. Bir növ Ermənistan daxilindəki revanşist qüvvələr Rusiyaya bağlı qüvvələrin Paşinyana siyasi-ideoloji hücumlarını gücləndirmək üçün bu mövzunu gündəmə gətirir. Düşünürəm ki, burada əsas hədəf Azərbaycan deyil, Paşinyan hakimiyyətidir”.

Mətin Məmmədli diqqətə çatdırıb ki, bu cür yanaşma Rusiya-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir:

“Azərbaycanın ərazi bütövlüyü müzakirəyə çıxarılır, ictimai rəyə fərqli formada təqdim olunur, sanki Qarabağ mübahisəli region olub, Nikol Paşinyan ondan 2022-ci il də Praqada imtina edib. Rəsmi Bakı əlbəttə ki, buna görə haqlı narazılığını bildirib. Azərbaycan XİN öz mövqeyini Rusiya tərəfinə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü, Qarabağ heç bir halda Ermənistan daxilində siyasi spekulyasiyalarda, manipulyasiyalarda, siyasi mübarizədə istifadə oluna bilməz. Azərbaycanın bu mövzuda mövqeyi prinsipialdır. Rusiya siyasətində və ictimai rəyində belə bir mövzunun gündəmə gətirilməsi Rusiya-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir”.

Nigar Həsənli
Musavat.com

Избранный
11
musavat.com

1Источники