RU

Rusiya-Ukrayna müharibəsində dəyişən heç nə yoxdur

"Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya-Ukrayna müharibəsində dəyişən heç nə yoxdur. Rusiya işğal ərazisini genişləndirməyə, Ukrayna isə müqavimət gücünü artırmağa çalışır. Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmayıb". "Olaylar" xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib: "Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı Avrasiya qitəsini, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Türkiyəyə səfəri də bundan xəbər verir. Ankarada iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, hər iki ölkənin mütəxəssisləri təhlükəsizlik sahəsində əməkdaşlığın genişlədirilməsinin detallarını araşdıraracqlar. Bundan başqa iki ölkənin lideri qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə edilib. Volodimir Zelenskinin daha sonra Türkiyə Cumhurbaşqanının təyyarəsi ilə Suriyaya səfər etməsi də qiqqəti çəkib. Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
Volodimir Zelenki Türkiyədə və Suriyada müzakirələr apararkən, onun komandasının digər üzvləri Avrasiya bölgəsinin digər ölkələrinə səfərlər ediblər. Misal üçün Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun (ölkəsinin Azərbaycandakı keçmiş səfiri) Qazaxıstana və Özbəkistana səfərini göstərmək olar. Mişenko bölgəni yaxşı tanıyır. O Ukraynanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrə əhəmiyyət verən diplomatlardandır. Oleksandr Mişenko Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Ukraynalı diplomat Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. "Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq" - deyən Mişenko bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur. 
Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib. Kiyev Azərbaycanla yanaşı bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi və iqtisadi əlaqlərdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub. Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar. Bu arada, Kiyevin Transxəzər marşrutuna marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib. 
Azərbaycan illərdir ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür. 
Beləliklə, Aleksandr Mişşenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb. Bununla Kiyev Avrasiya bölgəsinin enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmədiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
7
olaylar.az

10Источники